image-nnnnbackend

Qazaxın kəndlərinin qaytarılmasına hazırlıq gedir?

image-reklam_sirab_01

Ermənistanda nəşr edilən “Hraparak” qəzetinin yazdığına görə, hakimiyyət Azərbaycanla sərhəd Tavuş vilayətində alternativ yolların tikintisi üçün araşdırmalara başlayıb. Bəzi məlumatlara əsasən artıq işlər görülməkdədir.

Bildirilir ki, söhbət Əskipara kəndi istiqamətində yeni yolun tikintisindən gedir. Bu isə o deməkdir ki, hakimiyyət Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş kəndlərinin geri qaytarılmasına hazırlıq görür. Qəzetin yazdığına görə, görünür hakimiyyət Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsindən sonra yaranan vəziyyətin təkrarlanmasını istəmir və əvvəlcədən alternativ yolların çəkilişinə hazırlaşır.

“Lakin Sünikdə (Zəngəzur) çətin keçilən də olsa alternativ yol var idi və onu təmir etmək mümkün idi, Tavuş vilayətində isə yolları sıfırdan tikmək lazımdır, üstəlik dağlardan keçməklə. Bu isə mürəkkəb və bahalı prosesdir”, – qəzet yazır.

Ermənistanın ərazi idarəetmə və infrastruktur Nazirliyində bu məsələ ilə bağlı suala birmənalı cavab verməyiblər. Və alternativ yolların çəkilməsinə hazırlıq getdiyini təkzib etməyiblər.

Qeyd edək ki, bir neçə ay əvvəl Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında yerləşən, Tavuş vilayətinə aid Əskipara (Voskepar) kəndində Rusiya hərbçiləri yerləşdirilmişdi. O zaman ehtimal edilirdi ki, rusların məhz Əskiparada yerləşməsi Qazaxın kəndlərinin geri qaytarılmasına hazırlıqdır və Rusiya sərhədçiləri Azərbaycanın eksklav ərazilərinə gediş-gəlişin təhlükəsizliyini təmin etmək üçün orada yerləşdirilib.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda sərhədlərin delimitasiyasına və demarkasiyasına dair birgə komissiyanın yaradılması razılaşdırılıb. Prosesin gələn ilin yazından başlayacağı haqda xəbərlər var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki