"Şəhid ailələrinə yemək pulsuzdur, hesabı şəhidlərimiz tərəfindən ödənilib”, "Şəhid övladlarına bayram alış-verişi pulsuzdur, hesabı ataları tərəfindən ödənilib”, "Şəhidlərin övladlarına pulsuz saç kəsimi xidməti göstərilir”. Şəhərin müxtəlif kafe və mağazalarında bu tip reklamlara yəqin ki, çoxlarınız rast gəlmisiniz. Ən azından, sosial şəbəkələrdə bu tip elan vermiş obyektlərin fotoları qarşınıza çıxıb. Maraqlıdır, həmin kafe, mağaza və ictimai-iaşə obyektlərində vurulmuş bu tip elanlar həqiqətdirmi? Hansısa şəhid ailəsi həmin kafe və mağazaların pulsuz xidmətindən yararlanıbmı? Yoxsa, obyekt sahibləri özlərini, daha dəqiq desək, obyektlərini reklam edir və ya sığortalayırlar?
Aprel döyüşlərində şəhid olmuş Müşfiq Orucovun atası Arif Orucov düşünür ki, bu, sadəcə reklam xarakterlidir: "Şəhid ailəsinə yardım edən adam heç vaxt reklam etməz, edirsə də, açıq şəkildə etməməlidir. Belə yazılar sadəcə obyekt sahiblərinin özlərini reklamdan başqa bir şey deyil. Heç bir şəhid ailəsi gedib deməz ki, mən şəhid ailəsiyəm və mənə ərzağı pulsuz verin. Belə yerlərə heç vaxt getməmişəm və heç getmərəm də”.
Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran xanım isə bunun şəhidlərin adına hörmətsizlik olduğunu düşünür: "Bu tip reklamlar şəhidlər adına hörmətsizlikdir. Bizi yardıma görə hər dəfə dövlət tərəfindən Bakıya dəvət edirlər, amma mən getmirəm. Biz şəhid ailələrinin o yardıma ehtiyacı yoxdur. Bunu kimsə edirsə, bayramlarda qapı-qapı düşüb şəhid imkansız ailələrinə versin. Belə ola bilər. Amma ki, elan yazıb şəhid ailələrinə ora dəvət edirlər, bu düz deyil. Yaxşı olar ki, bu reklamları yığışdırsınlar”.

Aprel döyüşlərinin digər şəhidi Fəxrəddin Qurbanılın atası Seyfəddin Qurbanlı bu tip elanları yazanları qınayır: "Belə elanlar haqda eşitmişəm. Bizim başımıza gələnlər qoy onların da başına gəlsin və görsünlər ki, biz nə çəkirik. Mənim üstümdə o boyda şəhid atası adı var. Mən heç vaxt elə yerlərə gedib adımı alçalda bilmərəm. Bu, həm mənə, həm də şəhid oğluma hörmətsizlikdir”.
Aprel şəhidi Adil Adilzadənin atası Kamran Adilzadə də digər şəhid ailələri kimi düşünür: "Mən xəstəxanaya gedəndə heç demirəm ki, şəhid atasıyam və mənə hörmət edin. Qalmışdı ki, belə yerlərə gedib özümü şəhid ailəsi kimi təqdim edib nəsə istəyəm. Bu, şəhidlər adına ayıbdır”.

moderator.az
