Dünyanın sonu ilə bağlı daha bir iddia - VİDEO

Teleaparıcıların nitqi qüsurludu

“Azadliq radiosu”na Naxçıvandan tutarılı cavab

Elşad Abdullayevin qaynatası istintaqa nələri etiraf edib?

Tanınmış vəkil Ramiz Zeynalov:“Məni daha çox təəccübləndirən bir də odur ki, uzun illər dövləti vəzifə tutmuş, AzərTAC-ın direktoru olmuş, “Şöhrət” ordeni almış Şamil Şahməmmədov Elşadın gizli videosunda qəsdən yalan danışır, sonra isə bunları sakitcə etiraf edir... Hansı ki, belə yalanlarla neçə-neçə adam həbs edilib, istintaqa çağırılıb...”

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, bir müddətdir Fransada müvəqqəti məskunlaşmış Elşad Abdullayevin indiyədək yaydığı çoxsaylı gizli videoları və KİV-lərə açıqlamaları, özü demiş, gözlənilən şok effekti vermədi. Belə ki, “Təzadlar”ın ötən saylarında dərc olunmuş və E.Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması cinayətinin əsas tərkib hissəsi kimi saydığı Mətanət İsgəndərlinin, həmçinin ABU yataqxanasının komendantı işləmiş Məhəmmədəli Əliyevin, Mahir Abdullayevin qaytarılması üçün guya külli miqdarda pul verdiyi Arzu Kazımovun,  E.Abdullayevin ardıcıl olaraq yayımladığı açıqlamalarında ittihmladığı Ağa Abbasovun, Mahir Abdullayevin qaynatası Şamil Şahməmmədovun... və digərlərinin istintaqa verdikləri ifadələri keçmiş ABU rektorunun bütün yalanlarını üzə çıxarmaqdadır.


“Təzadlar” artıq cəmiyyətdə şok effekti yaradan həmin ifadələrin dərcini davam etdirir. Təkcə son iki-üç gündə redaksiyamıza zəng edən çoxsaylı sadə vətəndaşlar, xüsusən də Elşad Abdullayevin məlum gizli videolarından strest keçirənlərin qohumları, onları tanıyanlar, E.Abdullayevin şərlədiyi digər insanların yaxınları həqiqətin üzə çıxarılmasına görə bizə minnətdarlıq edirlər...


Vəkil Ramiz Zeynalovdan şok etiraf


Qeyd edək ki, “Təzadlar”ın ötən sayında dərc olunmuş ən maraqlı, diqqəti çəkən istintaq sənədlərindən biri də Mahir Abdullayevin qaynatası Şahməmmədov Şamil Məmməd oğlunun ifadəsi idi. Ş.Şahməmmədov istintaq tərəfindən şahid kimi dindirilmişdir. İndi nə məlum olur? Yaxşı olar ki, məsələyə tanınmış vəkil Ramiz Zeynalovun şərhi ilə münasibət bildirək:


- Ramiz müəllim, dediniz ki, istintaq dövründə (artıq istintaq başa çatıb və iş materialları məhkəməyə göndərilib) Mahir Abdullayevin qayınatası Şamil Şahməmmədovun, eləcə də Elşad Abdullayevin qayınatası, ABU-nun 1-ci prorektoru olmuş Hüseyn Əhmədovun ifadələrini oxuyanda dəhşətə gəlmisiniz. Bu nə ilə bağlı idi?

- Məsələ ondadır ki, Elşad Abdullayev özü dələduz və bir nömrəli rüşvət alan və rüşvət verən olduğu və qardaşı Mahir Abdullayevin taleyini müəmmaya, şouya özü tərəfindən döndərildiyi halda, o, dələduz hərəkətini davam etdirərək Azərbaycanda bir çox adamları özünün cinayətinə şərik etmək kimi uğursuz cəhdlərini davam etdirmişdir... Nə yaxşı ki, onun bu fırıldaqçı və dələduzluq, reketçilik hərəkətləri elə öz doğmaları tərəfindən faş edilməkdədir... Mən üzümü Azərbaycan ictimaiyyətinə tutaraq bəyan edirəm: Ay insanlar, bu dələduzun, uzun illər qohum-əqrabalardan ibarət mütəşəkkil dəstə yaradaraq ABU-da cinayətkar fəaliyyətlə məşğul olmuş Elşad Abdullayevin yalanlarına uymayın! Artıq görürsünüz ki, onun bütün yalanları üzə çıxmaqdadır. Onun yalanlarını öz doğmaları üzə çıxarır. Məsələn, o, bir müddət əvvəl Arzu Kazımovu şantaj edən video yaydı. Videoda özü, Arzu Kazımov və Mahir Abdullayevin qayınatası Şamil Şahməmmədov iştirak edirdilər... Elşad Abdullayev iddia edirdi ki, guya həmin görüşdə Arzu Kazımov Mahirin tapılması üçün onunla pul sövdələşməsi aparır. Hətta bu gizli çəkilmiş videonun bir yerində Şamil Şahməmmədov üzünü Arzu Kazımova tutaraq  deyir ki, axı, mən bağımı da satıb filan qədər pul vermişəm, niyə Mahiri tez qaytarmırsınız? Elşadın qurduğu şantaj oyunundan xəbərsiz olan Arzu Kazımov isə Ş.Şahməmmədova “Narahat olmayın, Zahid müəllimə də deyilibdir, tezliklə Mahir tapılacaq” kimi ifadələrlə təsəlli verib canını qurtarmaq istəyir... Xatırlayırsınızsa, mən bir müddət əvvəl müdafiəm altında olan Arzu Kazımova istinad edərək bu video barədə açıqlama vermişdim. A.Kazımov bildirmişdi ki, həmin dövrdə Elşad ona deyib ki, bu Şamil Şahməmmədov yaşlı adamdır, hər gün məni narahat edir ki, Mahir hardadır, niyə tapılmır? Gəl onu ofisimə dəvət edim, deyəcəyəm ki, bax Arzu Kazımov yaxın dostum kimi bu işə qoşulub və tezliklə Mahir azad olunacaq... Arzu Kazımov da onun kişi sözünə inanaraq ofisinə gedir və bir insan kimi Ş.Şahməmmədova yazığı gəlir və ona vədlər verir, təsəlli almasına çalışır... Amma Arzu Kazımov hardan biləydi ki, Elşad kimi dələduza qoşulan ağsaqqal ziyalı, “Şöhrət” ordenli Şamil müəllim də bu qurama video-şantajda özünə məxsus rol almışdır... Məni daha çox təəccübləndirən, şoka salan isə uzun illər dövləti vəzifə tutmuş, AzərTAC-ın direktoru olmuş, Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni almış Şamil Şahməmmədovun yalan danışması, sonra isə bunları sakitcə etiraf etməsidir...

- Bəlkə Şamil müəllim bunu qəsdən etməyib, Elşad ona təsir edib?


- Kimin təsir etməsindən asılı olmayaraq belə bir ağsaqqal insan gərək Elşad kimi dələduzun felinə düşməyəydi... İkincisi, axı Şamil Şahməmmədov özü Baş Prokurorluqda yaradılmış xüsusi istintaq qrupuna ifadə verərəkən bildirir ki, mən Mahirin qaytarılması üçün bağımı satıb Elşada pul verməyimi özüm elə-belə demişəm... Buyurun, Ş.Şahməmmədovun ifadəsindən: “...Təxminən 2004-cü ilin yaz ayları olardı, Elşaddan daim nə tədbirlərin görməsini soruşurdum, o, mənə bildirdi ki, əgər inanmırsınızsa, gedək, həmin adamla görüşdürəcəkdir. Elşad məni ABU-dakı öz kabinetinə apardı. Bir müddət sonra otağa Arzu Kazımov adlı şəxs “duruxmuş” vəziyyətdə  gəldi. Mən çox əsəbi idim, Arzudan soruşdum ki, “pulu almısan, niyə Mahirin tapılması məsələsini həll etmirsən?” Arzu cavab verdi ki, “mən bu məsələ üçün pul almamışam... Arzunun söhbətinə Elşad susub heç bir cavab vermədi, Arzunu ifşa etmədi, bu, məni çox təəccübləndirdi... Mən, Elşadın kabinetində Arzu ilə söhbət edərkən, Arzu Kazımova təsir göstərmək üçün (Oxu: yalandan.Red.) bildirmişdim ki, ona verilən pulun bir hissəsi mənimdir, bağımı satıb ona vermişəm. Lakin faktiki mənim bağım olmayıb, cəmi bir torpaq sahəm olub, onu da 7 min manata təxminən 2006-2007-ci illərdə satmışdım...”.

Sonra müstəntiq Ş.Şahməmmədova sual verir: “Sual: - Elşad Abdullayevin təqdim etdiyi 14 may 2004-cü il tarixli diskə yazılmış videogörüntüdən görünür ki, Siz otağı tərk edəndən sonra  Arzu Kazımov Elşada Sizin vermiş olduğunuz 180 min manat  pulu qaytarmağı təklif etmişdir. Siz isə  bildirirsiniz ki, Elşada həmin məbləğdə pulu verməmisiniz. Bu ziddiyyəti necə izah edirsiniz?

Cavab:

- Mən təkrarən bildirirəm ki, Elşad məndən nə pul istəməyib, nə də ki, mən ona 180 min manat pulu verməmişəm. Onların söhbətini mən belə izah edə bilərəm ki, ola bilsin ki, Elşad əvvəlcədən mənim cəmiyyətdəki statusuma görə, Arzunu qorxutmaq məqsədilə bildirmişdir ki, guya 180 min manat pulu mən vermişəm... Faktiki isə bir daha təkrarlayıram ki, Elşada mən Mahirin tapılması üçün pul verməmişəm”. Görürsünüzmü, Elşad Arzu Kazımovu necə şantaj edirmiş və bunu Mahir Abdullayevin qaynatası özü də etiraf edir...

- Ramiz müəllim, Elşad Abdullayev son məlum açıqlamalarında bildirir ki, guya Arzu Kazımovun vasitəçiliyi ilə DİN müavini Zahid Dünyamalıyevə külli miqdarda pulu ona görə verib ki, Mahiri onunla telefon vasitəsilə calaşdırıblar, o da dözməyərək bu pulu təcili surətdə onlara çatdırıb... Bu nə dərəcədə ağlabatandır?
- Çox maraqlı bir məsələyə toxundunuz. Məsələ ondadır ki, mən hələ bir neçə ay əvvəl “Təzadlar” qəzetinə müsahibəmdə bildirmişdim ki, Elşad Abdullayev özü etiraf edir ki, Mahir Abdullayev yoxa çıxandan indiyədək Prezidentə, DİN, MTN nazirlərinə, Azərbaycanın birinci xanımına, həmçinin Baş Prokurora çoxsaylı şikayət ərizələri göndərib, lakin bu adam heç bir ərizəsində belə bir şey yazmayıb. Nə oldu, ABU bağlanandan, saxta diplom verməklə aldatdığı çoxsaylı tələbələrin valideynlərinin qorxusundan özü Fransaya qaçıb gedəndən sonra açıqlama verir ki, adam oğruları məni Mahirlə calaşdırdılar, onun qışqırtısını eşitdim və onun öldürüləcəyindən qorxaraq dərhal tələb olunan pulları çatdırdım...
- Necə yəni, Elşad Abdullayev Mahir Abdullayevlə telefonda da danışıb? Bu neçənci ildə baş verib?

- Əslində, bu heç vaxt baş verməyib? Axı necə də baş verə bilərdi ki, Elşad Abdullayev Mahir Abdullayevi 20 milyon pulu götürüb qaçdığı üçün özü tərəfindən aradan götürülmüşdü və öldürüb naməlum yerdə də basdırmışdır?! Olmayan şeyi başqalarına axtartdırmaq nəticə verə bilərdimi? Amma bu bir nömrəli dələduz 26 aprel 2013-cü ildə “Apropa İnsan Haqları Məhkəməsinə, Strasburq, Fransa” başlığı altında bir şikayət göndərir. Və çox gülməli də olsa, həmin müraciət-şikayət belə başlayır: “Ərizə. Möhtərəm cənab Prezident İlham Heydər oğlu Əliyev! Sizin apardığınız şərəfli işə kölgə salmağa cəhd edən, lakin əsl həqiqətdə bir qrup cinayətkar dəstəyə havadarlıq edən şəxslərin fəaliyyəti barədə müraciət edirəm” və s. Və bu bisavad, doktorluq elmi işi plagiat olan və Rusiya TN tərəfindən 2011-ci ildə ləğv edilən Elşad Abdullayev həmin ərizənin (Xüsusi qeyd: həmin ərizə də olmaqla, E.Abdullayevin indiyədək özünə məlum səbəbdən yaymadığı bir çox yazışma və istintaqa ifadəsini növbəti saylarımızda dərc edəcəyik.Red,) 6-cı səhifəsində görün nə yazır: Sitat: “Cənab Prezident! Arzu Kazımov və AR DİN-nin 1-ci müavini Zahid Dünyamalıyev Mahirin qaytarılması üçün məndən 3 milyon dollar pul almışdır. Pulu verməmişdən qabaq mən Arzu Firudin oğlu Kazımova (bandanın xəzinədarı) dedim ki, mən qardaşım Mahirin səsini eşitmək istəyirəm, həm də bunun bir qarantı olmalıdır. Bandanın xəzinədarı dedi ki, pulu notariusla götürəcəyəm, Mahir sənə telefonla zəng edəcək. Biz tərəddüd edirdik. Lakin Mahir mənə zəng etdi və onun telefonda tük ürpədici qışqırtı səsini eşitdim və başa düşdüm ki, bu vəhşilərdən nə desən gözləmək olar, bunlar üçün insan həyatının heç bir əhəmiyəti yoxdur. Biz qardaşım Mahirin həyatını qurtarmaq üçün dost-tanışdan toplanmış pulu bandaya ikitərəfli möhürlə və notariusla təsdiq etdirib verdik...”.
İndi soruşuram: Elşad Abdullayev, ay “Parisli oğlan”, sən öz saxta və şantaj xarakterli ərizələrində yazırsan ki, indiyədək müxtəlif ünvanlara yüzlərlə ərizə yazmısan, istintaqa çağırılmısan. Sən 2009-cu ilin mayın 15-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi Vüqar Nəsibov tərəfindən dindirilmisən və sənə xəbərdarlıq edilib ki, bilə-bilə yalan ifadə verməyə görə Az. Res. CM-nin 297-ci maddəsi ilə məsuliyyət daşıyırsan və sən bu iltizama imza atmısan. Həmin ifadən “Təzadlar” qəzetində olduğu kimi dərc olunacaqdır. Sən 2003-cü ildən ta yuxarıda qeyd olunan saxta müraciətinə qədərki dövrədək heç bir müraciətində, heç bir istintaq dindirilməsində bu barədə heç bir məlumat və ya qeyd yazmadığın halda, necə oldu ki, Fransaya qaçıb gedəndən sonra bilə-bilə yalan açıqlamalar verməyə başlamısan? Əgər sənin elementar hüquq savadın olsaydı heç vaxt belə şantaj açıqlamaları verməzdin. Niyə? Ona görə ki, əvvəla, sənin sözündən belə çıxır ki, sən A.Kazımova pulu guya Mahiri axtarmağa çıxdığın illərdə vermisən. İl məlum, zamn bəlli, yer bəlli, saat bəlli... Deyirsən ki, Mahirdən mənə zəng gəldi və onun qışqırtı səsini eşitmisən və s. Mən artıq MTN-ə və Baş Prokurorluğa rəsmi sorğu göndərmişəm ki, Azərcell-dən sənin məlum mobil telefonuna haradan zəng gəlməsi barədə rəsmi şifrovka versinlər. Bəli, mən tam əminliklə deyirəm ki, bununla da sənin növbəti şantajının üstü açılacaq və məlum olacaq ki, sən yenidən kimlərisə aldatmağa, baş qatmağa çalışmısan. Amma yetər! Sənin qolu qandallı, bir şantajçı, dələduz və qardaş qatili kimi Azərbaycana gətirilib it sürütdürməsi ediləcəyin gün çox yaxındadır. Sən indiyədək yüzlərlə ərizə və açıqlamalarında Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevi “mütəşəkkil cinayətkar dəstənin rəhbəri” kimi təqdim edir, Mahir Abdullayevi isə bu dəstənin qurbanı kimi təqdim edirdin. Amma tezliklə məlum olacaq ki, əksinə, sənin rəhbərliyin altında bir mütəşəkkil dəstə olub ki, o da ABU-da uzun illər fəaliyyət göstərib. İndi həmin dəstənin başçısı kimi sən ədalət mühakiməsi qarşısında bütün bunlara görə cavab verəcəksən... Sən niyə təxminən on il ərzində susmuş, Mahirlə telefonla danışdığını gizlətmisən. Nə məqsədlə? Hələ də gec deyil. Axı sən professional fırıldaqçılıqla məşğul olmusan, gizli səs yazmaqda, telefon nömrələrini qeyd etməkdə “peşəkarsan”. Mahirin nə zaman, haradan, hansı telefondan sənə zəng etdiyini istintaqa açıqla, qoy yoxlanılsın, bilinsin ki, Mahir hansı ərazidən, hansı telefon stansiyasının təsir dairəsindən zəng edib... İkincisi, sən niyə bunu o vaxt hara gəldi yazdığın ərizələrində açıqlamırdın ki, isti izlə də qardaşının yeri tapılsın, cinayətkarlar ifşa olunsun. İstəməmisən. Çünki cinayətkar və qardaş qatili sən özün idin!!! Sən isə qoxaq adamsan, özünü istintaqa təhvil verərək törətdiyin cinayəti səmimi etiraf edə bilməzdin...

- Ramiz müəllim, Elşad Abdullayev sragagün vaxtilə ABU yataqxanasının komendantı olmuş  Məmmədəli Əliyevin ABU rektorunun şantajı barədə mətbuata səmimi bəyanat verdikdən sonra E.Abdullayev onun barəsində yenidən bir video  yaymışdır. Ümumiyyətlə, bu məsələyə dair mövqeyiniz necədir?

- Elşad Abdullayev böhtan, şər və yalan məlumatlar yaymaqla artıq özünün professional səviyyədə dələduzluq fəaliyyəti göstərdiyini sübut etməkdədir. O elə bilir ki, bu mənasız, heç bir hüquqi əsası olmayan qanunsuz şantaj videolarını çox yaydıqca daha da populyarlaşır... Amma əksinə, məndən də soruşurlar ki, bu adam on illər ərzində ABU-da rektorluq edirmiş, yoxsa video-rejissorluqla məşğul olurmuş??? Bu dələduz və fırıldaqçı senarilər qururmuş, gələcəkdə cinayətlərindən diqqəti yayındırmaq üçün kələklər uydururmuş, insanları etibardan sui-istifadə edərək yanına çağırtdırıb söhbətə çəkərək videolar çəkirmiş. Təbii ki, ona bu qanunsuz fəaliyyətdə birbaşa kömək edənlər olmuşdur və istintaq bu barədə qərarını verəcəkdir... O ki qaldı  Məmmədəli Əliyevin məsələsinə, Elşad özünün qurduğu tələyə indi özü düşməkdədir və tələ qurduğu, şantaj etdiyi sadə insanların özü tərəfindən ifşa olunmaqdadır... O, M.Əliyev tərəfindən ötən həftə ifşa olunduğunu gördükdə növbəti şantajı ortaya atmışdır. Yəni, əvvəlcədən hazırlanmış gizli video çəkilişlərlə guya Məmmədəli Əliyevin kiminsə təsiri altında dövlət orqanlarına, istintaq orqanlarına bu video çəkilişlərdə verdiyi məlumatların əksinə ifadə verdiyini göstərmiş, bununla da istintaq orqanınını çaşdırmağa və vaxt almağa başlamışdır. Lakin bunlar əbəs işdir. Mənə daha çox pis təsir edən məsələlərdən biri də odur ki, bu dələduz və şantajçı indiyədək bütün mətbuat açıqlamalarında və ölkə Prezidentinə, MTN və DİN nazirlərinə, Baş Prokurora yazdığı çoxsaylı ərizələrində milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun, MTN-nin digər yüksək rütbəli əməkdaşlarının adını adam oğurluğunda və digər ağır cinayətdə ittiham edir. Soruşuram: niyə Hilal Əsədovun adının Sənanla və Mətanət İsgəndərli ilə bağlanmasına, guya onun qardaşı Mahirin Mətanət İsgəndərlinin evindən Hilal Əsədov tərəfindən oğurlanması və s. kimi yalan məlumatlara bu günə kimi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən münasibət bildirilməyib? Axı dövlətimizin təhlükəsizliyi yolunda böyük və əvəzzis xidməti olan bu nazirliyin nüfuzuna ağır zərbə vurulur, buna necə dözmək olar??? Təsəvvür edin, həmin məlum gizli video çəkilişlərdən və Məmmədəli Əliyevin verdiyi bəyanatından da görünür ki, o əvvəldən bu sadə insanı öyrətmişdir ki, nələri  desin, sonra isə onu dəfələrlə ABU-dakı məlum “şantaj studiyasına” çağırtdırmış və sonradan bunları yazmış, indi də yaymağa başlamışdır.
- Belə bir sual yerinə düşür: həqiqətən də cinayətin üstünün isti izlə açılması üçün belə fakt və sübut materialları dərhal istintaq orqanına təqdim edilməli olduğu halda, Elşad Abdullayev bunları üstündən az qala 10 il keçəndən sonra açıqlayır... Niyə?

- Elə mənim də soruşub-bilmək istədiyim də budur ki, əgər Elşad Abdullayev həqiqətən də qardaşının tapılmasında maraqlı idisə, niyə həmin bu gizli video-materiallarını o vaxt, isti-isti istintaqa təqdim etmirdi? Bəlkə gözləyirmiş ki, qoy üstündən on il də keçsin, sonra kimdir həmin telefonu axtarıb tapan, Mahir danışdığı telefon səsini yoxlayan... Gülməli olan bir də budur ki, E.Abdullayev həmin videoda tabeliyində çalışan Məmmədəli Əliyevin adından həm milli təhlükəsizlik naziri Eldar Mahmudovu, həm onun müavini Hilal Əsədovu və həm də digərlərini adam oğurluğu cinayətində suçlayır, nazirin adından bildirilir ki, guya nazirin  kabinetində Hilal Əsədov Sənanı döyüb, hətta ona təpik vurmaq istəyib, pis-pis ifadələr işlədib və s. Bunlar MTN nazirinə və nazirliyə qarşı həqarətdir, ələsalmadır, şantaj və nüfuzdan salmadır. Bütün bunlara görə Elşad Abdullayevin məsuliyyəti müəyyən olunmalıdır. Baxın, MTN hansısa körpünün altına bomba qoyulması barədə yalan məlumat verən birisini həbs edir, amma MTN-nin nüfuzunu ləkələyərək yalan məlumat yayan Elşad Abdullayevə bir kəlmə belə söz deyilmir. Niyə? Onun Azərbaycanda müdafiəçisi kimdir? Bunlara aydınlıq gətirilməlidir... Ümumiyyətlə, MTN naziri və nazirin müavini barədə yalan məlumatlar yaymaq həyasızlığın ən son həddidir! Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyi təcili sürətdə bu yayılanlara öz münasibətini bildirməli, bununla əlaqədar olaraq Elşad Abdullayevin hərəkətlərinə dair ictimaiyyətə münasibətini açıqlamalıdır. Çünki ictimaiyyət bilməlidir ki, MTN müavini Hilal Əsədovun barəsində söylənilənlər nə dərəcədə həqiqətə uyğundur...
Zəruri qeyd: Qeyd edək ki, E.Abdullayevin yaydığı son gizli videoda Məhəmmədəli Əliyevin E.Abdullayevlə aralarında olan söhbətdəki (Hilal Əsədovun Mahir Abdullayevi Mətanət İsgəndərlinin evindən oğurlatdırması, guya Milli Təhlükəsizlik Nazirliyinə çağrılıb dindirilmələri, guya nazirin kabinetində H.Əsədovun Sənan İbrahimovu döymək istəməsi, təhqir etməsi və s.) kimi hadisələrin şahidi olması barədə Məmmədəli Əliyevin adından verilən məlumatların yoxlanılması üçün tanınmış vəkil Ramiz Zeynalov MTN-ə Milli Təhlükəsizlik Nazirliyinə sorğu göndərmişdir. Vəkil sorğuda video yazılarda göstərilən müddət ərzində, yəni Mahir Abdullayevin oğurlanması ilə əlaqədər olan dövr ərzində (2003-cü ildən başlayaraq) Mətanət İsgəndərlinin, Məhəmmədəli Əliyevin, Elşad Abdullayevin və  Sənan İbrahimovun Milli Təhlükəsizlik Nazirilyinə daxil olmaları və ya çıxmalarını yoxlamaq üçün  MTN-nin buraxılış məntəqəsindəki buraxılış kitabına baxış keçirilməsi, bunun olub-olmaması barədə sorğuya cavab verilməsini milli təhlükəsizlik naziri E.Mahmudovdan xahiş etmişdir.
Onu da qeyd edək ki, “Təzadlar” 2 cildlik istintaq materiallarını əldə edib. “Təzadlar”ın Araşdırma Qrupu vəkil Ramiz Zeynalovla birlikdə həmin mühüm istintaq sənədlərini təhlil etmişdir. Məlum olur ki, Mahir Abdullayevin öldürülməsi ilə bağlı qaldırılmış cinayət işinin istintaqı ilə əlaqədar Baş Prokurorluqda yaradılmış xüsusi istintaq qrupuna   Milli Təhlükəsizlik Nazirliyindən Hilal Əsədovun məktubu daxil olub. Həmçinin Elşad Abdullayevin özünün izahatları və bu izahatlarla əlaqədər toplanmış materiallar... Həmin materiallarla da  tanış olduq. “Təzadlar” yenidən vəkil Ramiz Zeynalovdan bu barədə şərh verməsini xahiş etmişdir:

- Mən bu sənədlərlə ətraflı tanış oldum. İstintaq materiallarının 1-ci cildində görürəm ki, cildin 16-34-cü səhifələrində E.Abdullayevin Prezident İlham Əliyevə yazdığı ərizələri, bu cildin 35-42-ci səhifələrində isə E.Abdullayevin MTN-ə yazdığı ərizəsi və bu ərizənin araşdırılması üçün istintaq orqanına göndərilməsi, cildin 43-53-cü səhifələrində isə Elşad Abdullayevin bu ərizələrinə dair istintaq orqanına verdiyi izahatları və istintaqın qərarları, cildin 113-120-ci , 121-131-ci cildində E.Abdullayevin ölkə Prezidentinə yazdığı müraciət və ərizələri, cildin 54-70-ci səhifələrində isə E.Abdullayevin bütün bu ərizə və şikayətləri əsasında istintaqa verdiyi ifadəsi vardır. Və 1-ci cildin, həmçinin 2-ci cildin digər müvafiq səhifələrində isə başqa mühüm istintaq sənədləri vardır... Elşad Abdullayevin ən böyük yalanları və şantajları adama “gəl-gəl” deyir. Bu yalanlar ondan ibarətdir ki, birincisi, onun cənab Prezident İlham Əliyevə və milli təhlükəsizlik naziri Eldar Mahmudova yazdığı ərizələri ilə əlaqədar olaraq Milli Təhlükəsizlik Nazirliyində bununla əlaqədar araşdırma aparılıb, sonra onun həmin ərizələri üzrə  toplanmış materiallar cənab Eldar Mahmudovun müavini Hilal Əsədov tərəfindən əməliyyat-istintaq qrupuna, istintaq edilən 105157 saylı cinayət işinə əlavə edilib istintaq yolu ilə yoxlanması üçün göndərilib... Bir daha bəyan edirəm: bu materialların içərisində (söhbət adı çəkilən cinayət işi üzrə 2 cildlik istintaq materialından gedir - red.) nə Mətanət İsgəndərlinin və yaxud Sənan İbrahimovun, nə də digər bir şəxslərin məlum videoda deyilənlərlə bağlı onların dindirilməsi, izahatının alınması barədə material yoxdur. Başqa sözlə, bu adamlar ümümiyyətlə, Milli Təhlükəsizlik Nazirliyinə nə dəvət edilib, nə də onlardan Elşad Abdullayevin ərizəsi əsasında izahatları alınmayıb. Onun əksinə olaraq nazir müavini Hilal Əsədov tərəfindən Elşad Abdullayevin özünün izahatlarının və digər materialların istintaq yolu ilə yoxlanılması üçün bütün materialları 105157 saylı  cinayət işinə əlavə edilib yoxlanması üçün Baş Prokurorluğa göndərmişdirir. Yəni, Elşad Abdullayevin Məmmədəli Əliyevi əvvəlcədən öyrətdiyi və sonra gizli çəkiliş etdiyi kadrlardakı (M.Əliyev videoda danışır ki, guya “MTN nazirinin kabinetində Hilal Əsədov Sənanı vurdu, təhqir etdi, nazir də dedi ki, mən indi prezidentə necə deyəcəm ki, bu belə olub...” və s. məqamlar) məlum xüsusatlar tamamilə təkzib olunur və heç bir istintaq materialında, E.Abdullayevin indiyədək yazdığı heç bir ərizəsində, o cümlədən Prezidentə, MTN-ə, DİN-ə, Baş Prokurora və s. yazdığı ərizə və müraciətlərində qeyd olunmayıb. Niyə? Niyə Elşad Abdullayev Mahir Abdullayevin işi üzrə mühüm hüquqi mahiyyət kəsb edən bu hadisəni, yəni M.Əliyevin ona verdiyi məlumatları həmin dövrdə isti-isti MTN-ə bildirməyib? Niyə indiyədək ora-bura yazdığı ərizələrində bu barədə bir kəlmə də danışmayıb???
- Niyə?

- Ona görə ki, belə bir şey olmayıb və bunlar Elşad Abdullayevin quramaları və şantaj kadrlarıdır... Əgər M.Əliyev bu barədə məlum ifşa edici bəyanatını yaymasaydı, bunların da üstü açılmayacaqdı... Göründüyü kimi, Elşad Abdullayev professional səviyyədə dələduzluqla məşğul olmuşdur...
Elşad Abdullayevin yalanlarını ifşa edən daha bir şok ifadə

“Təzadlar” istintaq materiallarının dərcini davam etdirir. Aşağıda Arzu Kazımovun sürücüsü, şahid Əliyev Ağalar Nuftəli oğlunun dindirilməsi protokolunu təqdim edirik. Dindirilmə Baş Prokurorluqda yaradılmış xüsusi istintaq qrupu tərəfindən 19 fevral 2013-cü ildə aparılmışdır:

(A.Əliyev Arzu Kazımovun 2003-2004-cü illərdə sürücüsü işləmişdir)

İfadə:

- Mənə bilə-bilə yalan ifadə  verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsilə, ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası CM-nin 298-ci maddəsilə cinayət məsuliyyəti daşımağım haqqında xəbərdarlıq  edilmişdir.
Hazırkı cinayət işi üzrə aşağıdakıları deyə bilərəm: 1987-ci ildə Tolyatti şəhərində Maşınqayırma texnikumunu bitirmişəm. Həmin ərəfədə özüm Tolyatti şəhərinin maşınqayırma zavodunda işləyirdim. 1990-cı ildə məlum hadisələri baş verdikdən sonra ailəmlə birlikdə Bakıya qayıtdım və burada yaşamağa başladım. 1990-cı ildən 2005-ci ilin aprel ayına kimi mən müxtəlif yerlərdə sürücü işləmişəm. 24 aprel 2005-ci ildən isə Aviasiya təhlükəsizlik idarəsində agent kimi fəaliyyət göstərirəm.
Arzu Kazımovla 1996-cı ildə tanış olmuşam. Həmin ərəfədə Fizuli adlı bir yaxın adamın yanında sürücü işləyirdim. O zaman bu adamın təklifi ilə Arzu Kazımovla tanış oldum və həmin ildən Arzu Kazımovun şəxsi sürücüsü işləməyə başladım. Arzu Kazımov iş adamı idi. Onun müxtəlif sahələrdə, ən əsasən, səhv eləmirəmsə tikinti sahəsində işgüzar münasibətləri var idi.  Arzu özü ixtisasca, məncə, tikinti-inşaat sahəsini bitirmişdi. O, ailə üzvləri ilə birlikdə Gənclik metro stansiyası ilə Nərimanov metro stansiyasının arasında 5 nömrəli xəstəxananın qarşısında yaşayırdı. Arzunun xidməti ofisi isə Bakı şəhərində 28 may metro stansiyasının yaxınlığında, keçmiş Kamo, indiki Süleyman Rəhimov küçəsi 195 ünvanında yerləşirdi. Müdirimin konkret olaraq kimlərlə görüşməsi və konkret nə barədə danışmasından mənim məlumatım olmurdu. Sadəcə olaraq onu bilirdim ki, o, həm xidməti ofisində, həm də müxtəlif yerlərdə ayrı-ayrı şəxslərlə işgüzar görüşlər keçirirdi.
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Abdullayev Elşad İslam oğlunu qiyabi də olsa tanıyırdım. Belə ki, bu şəxsi təxminən 2-3 dəfə Arzu Kazımovun S.Rəhimov küçəsi 195 ünvanında yerləşən ofisində görmüşəm. Elşad Abdullayev bu ofisə, tarixi dəqiq yadımda qalmayıb, amma 2003-2005-ci illərdə gəlib gedib. Onu mən şəxsən qarşılamışam. Elşad Abdullayev hər dəfə ofisə tək gəlib gedib. Onu Arzu Kazımovun ofisinə sürücüsü gətirib aparıb. Bundan başqa mən Elşad Abdullayevlə Arzu Kazımovun görüşməsinin şahidi olmamışam. Ola bilər ki, Arzu məndən xəbərsiz Elşad və ya başqa şəxslərlə görüşüb, lakin mənim bundan xəbərim olmayıb. Elşad Abdullayevin Arzu Kazımovun 5 nömrəli xəstəxananın yanındakı mənzilinə gəlib getməsini görməmişəm. Arzu Kazımovun ABU-ya getməsinin də şahidi olmamışam.
Daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevi tanıyırdım. Belə ki, Arzu Kazımovla Zahid Dünyamalıyevin yaxın dostluq münasibətləri var idi. Arzu müəllim Zahid Dünyamalıyevlə tez-tez Neftçinin təlim-məşq bazasında görüşürdü. Arzu Kazımov həftədə 2-3 dəfə Neftçinin təlim-məşq bazasına basseyndə üzməyə gedirdi. Bu gedişlərin bir neçə dəfəsində Zahid Dünyamalıyevi də orada Arzu Kazımovla birlikdə görmüşəm. Bundan əlavə Zahid Dünyamalıyevi Arzu Kazımovun Süleyman Rəhimov küçəsində yerləşən ofisində də 1-2 dəfə görmüşəm. Bu görüşlərə baxmayaraq 2003-2005-ci illər ərzində Elşad Abdullayevin Zahid Dünyamalıyevlə hər hansı bir yerdə görüşünün şahidi olmamışam. Elşadın Arzunun ofisinə gəlib getdiyi vaxtlarda sonuncu öz ofisində tək olub və onun yanında heç kim, o cümlədən Zahid Dünyamalıyev olmayıb.

Sual:

- Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı sizə nə məlumdur?

Cavab:
- Bu barədə dəqiq bir şey bilmirdim. Bu yaxınlarda qəzetlərdə gedən yazılardan oxuyub bilmişəm ki, Mahir Abdullayev 2003-cü ildə itkin düşüb. Buna qədər mən bu məsələ barədə heç bir şey bilməmişəm.
Sual:
- İtkin düşmüş Mahir Abdullayevin axtarılmasında Arzu Kazımovun nə kimi rol oynaması barədə nə deyə bilərsiniz?

Cavab:
- Sözün düzü bu barədə heç bir şey  deyə bilmərəm. Çünki Arzu Kazımovun sürücüsü olduğum dövrlərdə mənim Mahir Abdullayev olayı barədə ümumiyyətlə məlumatım olmayıb və müdirim Arzunun bu məsələyə nə kimi aidiyyatının olub-olmamasını bilməmişəm.
Sual:
- Arzu Kazımovla Elşad Abdullayev arasında nə kimi əlaqələrin olması barədə nə göstərə bilərsiniz? Onların arasında bizness əlaqələri mövcud idimi?

Cavab:
- Arzu Kazımovla Elşad Abdullayev arasında dəqiq nə cür münasibətlərin olmasını mən təfərrüatı ilə bilmirdim. Onlar arasındakı münasibətlərin biznes əlaqələri olmadığına əmin idim, çünki onların əlaqələri işgüzar əlaqələrə bənzəmirdi. Belə ki, onlar çox təsadüfən iki-üç dəfə "Kamo"dakı ofisdə görüşdülər və bununla da onların münasibəti yekunlaşdı. Onların münasibəti daha çox yoldaşlıq münasibətlərinə bənzəyirdi.
Sual:
- Rövşanə Arazxanlını tanıyırsınızmı? Onunla Elşad Abdullayev və Arzu Kazımovun arasındakı münasibətlər barədə nə göstərə bilərsiniz?

Cavab:
- Rövşanə Arazxanlı adında adamı mən tanımıram və onun adı çəkilən şəxslərlə nə kimi münasibətlərdə olduğunu bilmirəm.

Sual:
- Elşad Abdullayev ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2003-cü ilin dekabr ayında köməkçisi Şamil və Arzu Kazımovla birlikdə Bilgəhdə DİN-nin sanatoriyasının yanında yerləşən Zahid Dünyamalıyevin istirahət etdiyi yerə getmiş, orada Elşad Abdullayev Zahid Dünyamalıyevə Arzu Kazımovun yanında qardaşı Mahirin buraxılmasına görə 900.000 ABŞ dolları məbləğində pul vermiş, sonra Arzu Kazımovun "Mercedes S class" markalı "10 KK 006" dövlət nömrə nişanlı maşını ilə şəhərə geri dönmüşdür. Onun dediklərinə həmin vaxt qeyd edilən avtomobili siz idarə etmisiniz. Maşında şəhərə qayıdarkən Arzu Kazımov Elşad Abdullayevə "artıq narahat olma, allaha şükür ki, hər şey öz qaydasındadır və yəqin ki, bu yaxın günlərdə nəticəsini də görərsən" demiş, S.Rəhimov küçəsindəki ofisə çatanda isə Arzu "Elşad müəllim Mahiri sabah, yəni 28.12.2003-cü il tarixdə qaytaracağıq, lakin səs-küy olmasın deyə qardaşlarından birinin evində müvəqqəti olaraq yerləşdirmək lazımdır"  deyə bildirmişdir. Bu barədə nə göstərə bilərsiniz?

Cavab:
-1996-cı ildən 2005-ci ilin aprel ayına kimi mən Arzu Kazımovun sürücüsü olmuşam. İlk 2-3 ildə mən "Mercedes S-600" markalı maşın idarə etmişəm. Bu maşının da nömrəsi "006" ilə bitirdi. Sonradan iş yerimi dəyişənə kimi Arzu Kazımovu qara rəngli "Mercedes S-class" markalı "10 KK 006" dövlət nömrə nişanlı maşında gəzdirmişəm. Lakin mənim sürdüyüm maşınlara heç vaxt Elşad Abdullayev, ələxsus onun sürücüsü Şamil minməyib. Digər tərəfdən Elşad Abdullayev minsəydi belə onun sürücüsünün öz maşınını qoyub mənim idarə etdiyim maşına minməyi məntiqsiz idi. Belə bir şey olmayıb ki, mən sürdüyüm maşınla Elşad Abdullayevi və Arzu Kazımovu Bilgəhə aparım, maşında isə onlar Elşad Abdullayevin qeyd etdiyi söhbətləri aparsınlar. Belə bir hadisə və söhbətlər olmayıb, cəfəngiyyatdır. Arzu Kazımov mənsiz maşını götürüb haralarasa özü gedirdi və ya məndən ayrı kimlərinsə maşınında harasa gedirdi. Lakin onun bu səfərlərindən mənim xəbərim olmurdu.
Sual:
- Elşad Abdullayev ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2004-cü ilin əvvəllərində Arzu Kazımovla sonuncunun ofisində görüşərkən Arzu Kazımov ona Mahir Abdullayevin qaytarılmasına görə əlavə 1 milyon dollar pul lazım olduğunu bildirmiş, o, yenə də pul əldə etmək üçün qohumlarına müraciət edərək 2 ay müddətində 1.200.000 dollar toplayaraq, 200.000 ABŞ dollarını evində saxlayıb,  1 milyon dolları götürüb 05 mart 2004-cü il tarixdə köməkçisi Şamil, qardaşı İsmayıl və Eldəniz Arzu Kazımovun ailə üzvləri ilə birlikdə yaşadığı evin blokunun qarşısına gəlmiş, həmin vaxt Zaur Kazımov aşağı düşərək onu evə aparmışdır. Evdə Zaur Kazımov, Arzunun arvadı İradə, qaynı Hüseyn Səfərov, qardaşı Nizami, Arzunun dostu Hüsaməddin həkim və  Moskvada yaşayan Arzunun yaxın münasibətdə olduğu Elçin adlı şəxslər olmuş, Arzu onun əlindən çantasını alaraq, o biri otağa aparmış, yan otaqda 2 saat ərzində Hüsaməddin, Zaur Kazımov və Hüseyn Səfərov pulu sayıb qurtardıqdan sonra Arzu Kazımov ona hər şeyin öz qaydasında olduğunu, narahat olmamağı və tezliklə  Mahirin evə qayıdacağını bildirmişdir.

Cavab:
-Bu şeylərdən mənim xəbərim yoxdur, şahidi olmamışam. Bildiyim qədəri ilə Elşad Abdullayevin Arzu Kazımovun evinə gəlib getməsinin şahidi olmamışam.
Sual:
- 2005-ci ilin mart ayında Arzu Kazımovun Bakı şəhəri 1 saylı dövlət notariat kontoruna getməsi barədə nə bilirsiniz? Orada Arzu Kazımovun konkret hansı şəxslərlə görüşməsi barədə sizə nə məlumdur?

Cavab:
-Mənim Arzu Kazımovu notariusa, o cümlədən 1 saylı notariat konktoruna aparmağım yadıma gəlmir. Arzu Kazımovun qızı Bakı şəhəri, 1 saylı notariat konktorunun yaxınlığında yaşayır. Arzunu tez-tez qızı gilə aparmışam, lakin notariusa aparmağım yadıma gəlmir. Arzu Kazımovun həmin notariat kontorunda kimlərlə görüşməsini bilmirəm.

Sual:

- Arzu Kazımov itkin düşmüş Mahir Abdullayevi tanıyırdımı? Onların hər hansı məkanda görüşməsi barədə sizə nə məlumdur? 

Cavab:

-Doğrusu, Mahir Abdullayevin kimliyi barədə məlumatı mən Arzu Kazımov 4-5 ay əvvəl həbs olunandan sonra əldə etmişəm. İşdə olarkən mənimlə birlikdə işləyən iş yoldaşlarım qəzetdə gedən məlumatı mənə təqdim edərək bildirdilər ki, mənim keçmiş müdirim Arzu Kazımov həbs olunub. Bundan sonra mən KİV-də Mahir Abdullayevin işi ilə bağlı işıqlandırılan 1-2 məqaləni oxudum. O vaxtlar isə Arzunun sürücüsü işləyəndə mən Mahiri tanımamışam və heç vaxt bu şəxslə Arzunun görüşməsinin şahidi olmamışam.

Sual:
-Elşad Abdullayev ibtidai istintaqa verdiyi ifadələrində göstərmişdir ki, Mahir itkin düşməzdən bir iki həftə əvvəl Arzu Kazımov Nərimanov rayonu ərazisində yerləşən "Yaşıl ada" adlı restoranda Mətanət İsgəndərli, Arzunun qeyri rəsmi arvadı olmuş İranə İlkin və Mahir Abdullayev birgə oturub yeyib içmişlər. Bu barədə nə göstərə bilərsiniz?

Cavab:
- Onu göstərə bilirəm ki, Arzu Kazımovu bir neçə dəfə Nərimanov rayonu ərazisində yerləşən "Yaşıl ada" adlı restorana aparıb gətirmişəm. Müdirim həmin vaxtlar orada bir neçə dəfə çörək yeyib, lakin mən müdirim Arzunun orada Mətanət İsgəndərli və ya Mahir Abdullayevlə birlikdə və yaxud ayrı-ayrılıqda olmasını görməmişəm. Qaldı ki, İranə İlkin adlı qadına Arzu Kazımovun  onunla qeyri rəsmi şəxsi münasibətləri var idi. Onların "Yaşıl ada" restoranında görüşmələri də istisna olunmur. Amma Mətanət İsgəndərli və ya Mahir Abdullayev heç vaxt Arzu Kazımovla görüşməyiblər. Bu yalandır.

Sual:
- Elşad Abdullayev ibtidai istintaqa verdiyi ifadələrində göstərmişdir ki, siz ona demisiniz ki, "Elşad müəllim Arzuya çox inanma, o yaxşı adam deyil". Elşad Abdullayevin dediklərinin həqiqətə uyğun olduğunu təsdiqləyirsinizmi? 

Cavab: 
- Əsla yox, təsdiqləmirəm. Birincisi, mənim Arzu Kazımovla münasibətlərimiz sırf işgüzar münasibətlər olub, yəni biz yaxın yoldaş olmamışıq ki, mən onun şəxsi keyfiyyətləri haqqında fikir bildirim. Digər tərəfdən Arzu Kazımov ciddi bir adam idi. Uzun müddət ərzində onun sürücüsü olmağıma baxmayaraq biz bircə dəfə də olsun bir süfrə arxasında əyləşib çörək yeyib dərdləşməmişdik. Həm də onun mənə bircə dəfə də olsun pisliyi keçməmişdi ki, mən onun haqqında pis fikir söyləyim, özü də kimə-kimə, tanımadığım Elşad Abdullayevə. Olmayıb belə şey. Elşad Abdullayev ibtidai istintaqa verdiyi ifadələrində yalan danışır. Bizim aramızda nəinki bu məzmunda, heç ümumiyyətlə, söhbət olmayıb. Elşad kim, mən kim.
Sual: İfadənizə əlavə və ya dəyişikliyiniz varmı?  
Cavab:-Yoxdur.
Elşad Abdullayevin qaynatasının istintaqa verdiyi şok ifadə 
Elşad Abdullayevin qayınatası, APU-nun kafedra müdiri, ABU-nun 1-ci prorektoru Əhmədov Hüseyn Mustafa oğlunun istintaqa verdiyi ifadəsini təqdim edirik. 
(Dindirilmə Baş Prokurorluqda 07 yanvar 2013-cü il tarizdə aparılıb):

İfadə: 
- Mənə bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsilə, habelə Azərbaycan Respublikası CPM-nin 222-ci maddəsinə əsasən ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi haqqında Azərbaycan Respublikası CM-nin 300-cü maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulduğu barədə xəbərdar edilmişdir.
İşin mahiyyəti üzrə mənə verilən suallara cavab olaraq aşağıdakıları göstərə bilərəm:
Mən yuxarıda qeyd etdiyim ünvanda ailəmlə birlikdə yaşayıram. Elşad Abdullayev üçüncü qız övladım Reyhanın həyat yoldaşıdır, rəsmi nigahlarının ili, tarixi yadımda qalmayıb, üç övladları var,  Elşən, Eytac və Aynurə. Elşən və Aynurə Moskva şəhərində Lomonosov adına Universitetdə oxuyub, orada işləyirlər. Eltac isə Dübay şəhərində ali təhsil alır, hansı təhsil ocağıdır, bilmirəm. Elşad kürəkənim olduqdan sonra onun qardaşları ilə tanış olmuşam. Belə ki, 1997-ci ildə Elşad Abdullayev ABU-ni 7-ci mikrorayonda təsis etmiş, universitetin bütün sənədləşmə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməsini, Nizamnamənin hazırlanıb, təsdiq olunmasını özü həyata keçirmişdir. ABU-nun tədris işini təşkil etmək üçün Elşad məni ABU-nun 1-ci prorektoru vəzifəsinə yarım ştatla təyin etdi. Mən ABU-nun tədris işini, professor- müəllim heyyətinin formalaşdırılmasına böyük köməklik etdim.Abdullayev qardaşlarından  Eldəniz- Beynəlxalq Hüquq fakültəsinin dekanı təyin olunmuşdur. Digər Elşadın qardaşlarından Elsevər Respublika prokurorluğunda işləməsini, digər qardaşı İsmayılın harada işləməsini bilmirəm, habelə Mahirin isə MTN-nin Akademiyasında hansısa kafedrasının müdiri, mayor rütbəsində işləməsini eşitmişdim. Mahirin ABU-da rəsmi işləməsindən məlumatım yoxdur, mən biləni Mahir ABU-da işləməyib, harada kabinetinin olmasını da bilmirəm, lakin arada bir ABU-da kütləvi tədbirlərin keçirilməsində Mahiri görürdüm. Göstərirəm ki, son illər elmi dərəcəsi doktor olan və RF-nın təhsil akademiyasının akademiki olan oğlum Hümeyir ABU-nun elmi işlər üzrə   prorektoru təyin edilmişdir. Keçmiş Lenin adına ADPİ-dan hazırki ADPU-dən professor-müəllim heyyətindən mən ABU-da müxtəlif fənlərdən dərs demək üçün professor Eldar Abbaszadə, elmlər doktoru Müseyib İlyasov, professor Ramil İsayev, elmlər namizədi Südabə Orucova və onlarla başqa ali məktəblər, məsələn BDU-dan professor Elmira Muradova, İskəndər və Əyyub müəllim, Elmlər Akademiyasından akademik Budaq Budaqov, ETİ-dan Z.Qaralov, Tahir Salahov, Ziyafət Əsgərovu   və adlarını hazırda xatırlamadığım elm işçilərini səliqəli yüksək ixtisaslı peşəkar professor-müəllim heyyətini formalaşdırmışdım. 

Abdullayevlər qardaşları ilə mənim heç bir münasibətim yaranmadı, yalnız kürəkənim Elşadla ailəlikçə gediş-gəlişimiz olmuşdur. Digər qardaşları ilə mənim gediş gəlişim, harada yaşamalarından məlumatım olmamışdır. Yalnız İsmayılın və Eldənizin arvadları vəfat edərkən, illəri yadımda deyil, hüzr mərasimində iştirak etmişəm. Hər kəs özü üçün yaşamış və bu səbəbdən ünsiyyətimiz olmayıbdır. Elşadla mənim yalnız ABU-nun işinin aparılması ilə bağlı işgüzar əlaqələrim olmuşdur. Digər Abdullayev qardaşları ilə mənim heç bir işgüzar əlaqəm olmayıb.
 
Göstərirəm ki, 2003-cü ilin oktyabr ayında dəqiq tarixləri yadımda deyil prezident seçkisi vaxtı prezidentliyə namizəd İlham Əliyevlə stadionda gənclərlə görüşü olmalı idi, Mahiri Elşad həmin kütləvi tədbirin keçirilməsində ABU-nun məsul şəxsi təyin etmişdir. Mən səhhətimlə əlaqədar həmin kütləvi tədbirdə iştirak etməmişəm. Tədbirdən 1-2  gün sonra eşitdim ki, Mahir tədbirə gəlməyib və yoxa çıxıbdır. Səbəbini mən bilmirəm, Elşadda mənə danışmayıb.
Sual:
 - 1 və 14 oktyabr 2003-cü ildə Elşad Abdullayevin harada olması, kimlərlə görüşməsi, telefon əlaqələri barədə, həmin zaman ABU-da olmayanda kimin rəhbərlik etməsi barədə nə göstərə bilərsiniz?
Cavab:
- Aradan çox müddət keçdiyi üçün Elşadın   1-14 oktyabr 2003-cü ildə harada olmasını, kimlərlə telefon danışıqları aparmasını mən xatırlamıram, bu səbəbdən də bu suala cavab verməyə çətinlik çəkirəm. Lakin Elşad ABU-da olmayanda, xarici səfərlərə gedəndə mən bildiyimə görə heç kimi öz yerinə əvəz edən əmrlə qoymurdu, hər kəs öz işini aparırdı.
Sual:
- İiş materiallarından görünür ki, Elşad Abdullayev   2003-cü ilin oktyabr ayının əvvəllərində   Fransaya getmişdir. Bunun nə ilə əlaqədar olması, qayıtdıqdan sonra  kimlərlə telefonla danışıqlar aparması barədə Sizin nə kimi məlumatınız var?(Davamı var)
  
“Təzadlar"ın Araşdırma Qrupu


Subscribe to comments feed Şərhlər (0 göndərilib)

cəmi: | göstərilib:

Şərhinizi göndərin

  • Bold
  • Italic
  • Underline
  • Quote
12:00, 26.11.2014 - Bakıda məscid yandı

Anasının cənazəsini təhqir edən azərbaycanlı “peyğəmbər” - YENİLƏNDİ - TAM VİDEO
© Copyright 2012 Veteninfo.az | Saytın təsisçisi və Baş Redaktoru Nahid Canbaxışlı
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Ünvan: Badamdar Şossesi 123 | Qaynar Xətt: 012 502 66 23 | 070 673 84 74 | E-mail: info@veteninfo.az
Bu sayt De-mar Studiyasında, 2012-ci ildə hazırlanıb