Hesablama Palatasının 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad rayonları, həmçinin Mingəçevir, Lənkəran və Şəki şəhərləri) 2024–2025-ci illərdə yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin xərclənməsini əhatə edən analitik təhlili ciddi korrupsiya mexanizmlərini və maliyyə pozuntularını üzə çıxarıb.
Vətəninfo.az Palatanın hesabatına istinadla xəbər verir ki, yoxlamalar zamanı ayrılan milyonlarla manat vəsait qeyri-şəffaf xərclənib, iş həcmləri şişirdilib, sənədlər əvvəlcədən deyil, işlər bitdikdən sonra saxtalaşdırılıb.
Qüsur aktlarının real vəziyyəti əks etdirməməsi, söküntü və bərpa normalarına əməl olunmaması nəticəsində 14 icra hakimiyyəti üzrə ümumilikdə 1 078 610,9 manat məbləğində işlərin həcm və dəyəri süni şəkildə artırılaraq podratçılara artıq ödəniş edilib. Aparılan araşdırmalar nəticəsində bu vəsait dövlət büdcəsinə tam bərpa etdirilib.
6 yerli icra hakimiyyəti tərəfindən isə həyata keçirilən 6 291 235,7 manatlıq təmir işlərində satınalma müqaviləsi bağlandıqdan cəmi 1-2 (bəzi hallarda 4) gün sonra işlərin başa çatmasına dair aktlar rəsmiləşdirilib. Bu, tenderlərin formal xarakter daşıdığını və işlərə əslində satınalma prosedurundan əvvəl başlanıldığını təsdiqləyir.
Bundan başqa söküntü zamanı əldə olunan qiymətli tikinti materialları mədaxil edilməyib, podratçılarla qarşılıqlı hesablaşmalarda nəzərə alınmayıb. Eyni zamanda, heç bir icazə olmadığı halda frezlənmə və söküntü materiallarının daşınması xərcləri qanunsuz olaraq smetalara salınıb.
Hesabatda qeyd olunur ki, yolların balansa götürülməməsi səbəbindən 2024–2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş 23 977 875,5 manat dəyərində yol aktivləri mühasibat uçotunda əks olunmayıb. Bu isə yerli icra hakimiyyətlərinin maliyyə hesabatlarını kobud şəkildə təhrif edib.
Sənəddə yer alan məlumatlara görə, podratçı şirkətlər tərəfindən icra təminatlarının gecikdirilməsinə və müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə göz yumulub, cərimə mexanizmləri tətbiq edilməyib.
Nəticədə
-Dövlət vəsaitləri uzun müddət özəl qurumların istifadəsində qalıb;
-Yolların təmiri prosesi sistemsiz və nəzarətsiz aparılıb:
-Yolun həqiqi texniki vəziyyəti laborator sınaqlar və ya instrumental ölçmələrlə deyil, sadəcə vizual baxışla (gözvari) qiymətləndirilib, qüsur aktları buna uyğun tərtib edilib;
-Layihələrdə yalnız asfaltın qalınlığı nəzərə alınıb, yolun həndəsi parametrləri, səth sularının kənarlaşdırılması və meylliliklər unutulduğu üçün yollarda su yığılması və çökəkliklər qaçılmaz olub. Bu isə ayrılan vəsaitin qısa müddətdə havaya sovurulmasına səbəb olub.
Hesablama Palatasının Kollegiyası aşkar edilən qanun pozuntuları və nöqsanlarla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi üçün zəruri sənədlərin aidiyyəti qurumlara göndərilməsi barədə qərar qəbul edib. Palata həmçinin yolların tikintisi və təmiri sahəsində pərakəndəliyin aradan qaldırılması üçün Dövlət İnvestisiya Proqramı çərçivəsində vahid mexanizmin tətbiqini təklif edib.“AzPolitika.info”


























