image-2backend

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi – FOTO/VİDEO

image-reklam_sirab_01

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi, Ankara Şəhər Şurası və TİMBİR-in birgə təşkilatçılığı ilə Ankara şəhərində Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu baş tutub.

Yenicag.az xəbər verir ki, Həmrəylik Forumu Ankara Şəhər Şurasında keçirilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin sədri, layihə rəhbəri Toğrul Allahverdili qonaqları salamlayaraq, keçirilən beynəlxalq forumun Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərində işğalçı dövlət tərəfindən ekoloji terror həyata keçirildiyini diqqətə çatdırıb.

Toğrul Allahverdili qardaş Türkiyənin Ankara şəhərində Türk Aviasiya və Kosmik Sənaye şirkətində törədilmiş amansız terror aktını qınayaraq, baş vermiş bu faciə ilə əlaqədar həlak olanlara Allahdan rəhmət, onların ailələrinə və Türkiyəyə dərin hüznlə başsağlığı verib.

O, Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayıb. “Tam əminik ki, törədilmiş terror aktları Türkiyəni sarsıda və haqq yolundan döndərə bilməz”, – deyə o bildirib.

Layihəni gerçəkləşdirmə məqsədlərindən danışan T.Allahverdili 2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb.

Açılış çıxışlarından sonra protokol çıxışlarına yer verilib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Əlaqələr Şurasının üzvü, professor Aygün Attar, Ankara Bələdiyyəsinin başqan vəkili Faruq Köylüoğlu, Azərbaycan Gənclər Fondunun Naxçıvan Nümayəndəliyinin rəhbəri Arzu Qasımov, Türk İnternet Media Birliyinin sədri, Ankara Şəhər Şurasının sədr müavini Süleyman Basa, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxış edərək, Azərbaycan və Türkiyənin iqlim siyasətindən bəhs ediblər.

Çıxışçılar hər iki dövlət tərəfindən qeyd olunan sahədə görülən tədbirlərin digər ölkələrə nümunə olduğunu bildiriblər. Azərbaycanda keçiriləcək COP29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə inandıqlarını bildiriblər.

Daha sonra COP29 ilə bağlı qısa video-çarx nümayiş olunub.

Şimali Kipr Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun moderatorluğu ilə keçirilən “Türkiyə-Azərbaycan: İqlim Həmrəyliyi” panelində fəlsəfə doktoru Günay Nəbi, Ankara Şəhər Şurasının Gənclər Məclisinin başqanı Xəlil Ecer, jurnalist Günay Arda və Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Jalə Həsənova forumdan irəli gələn mövzuları müzakirə ediblər.

Sonda iştirakçılara plaketlər təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, forum Ankarada vətəndaş cəmiyyəti və dövlət rəsmiləri ilə görüşləri davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image