2026-cı ildə qlobal tibb elmində bir vaxtlar qeyri-mümkün hesab edilən istiqamətlər üzərində mühüm klinik irəliləyişlər qeydə alınıb. Xüsusilə stomatologiya, oftalmologiya və nevroloji xəstəliklərin diaqnostikasında tətbiq olunan yeni üsullar milyonlarla xəstə üçün cərrahi əməliyyatsız müalicə imkanları yaradır.
Vətəninfo.az xəbər verir ki, Yaponiya alimləri tərəfindən hazırlanan və itirilmiş dişlərin bioloji yolla yenidən çıxmasını təmin edən TRG035 adlı dərman preparatı insanlar üzərində II faza klinik sınaqlarına daxil edilib. Bu preparat çənədə “yuxu vəziyyətində” olan diş tumurcuqlarının inkişafını ləngidən USAG-1 zülalını bloklayaraq təbii dişlərin böyüməsini stimullaşdırır. Heyvanlar üzərində uğurlu nəticə verən bu texnologiyanın 2030-cu ilə qədər geniş istifadəyə verilməsi və gələcəkdə süni implantları əvəz etməsi hədəflənir.
Oftalmologiya sahəsində də ilk dəfə olaraq hüceyrə yaşlanmasını geri çevirən gen terapiyasının insanlar üzərində sınaqlarına başlanılıb. Bostonun “Life Biosciences” şirkəti tərəfindən aparılan bu müalicə üsulu təbii bərpa qabiliyyətini itirmiş göz hüceyrələrində üç əsas geni yenidən aktivləşdirir. Əvvəlcə meymunlarda görmə qabiliyyətini bərpa edən bu terapiyanın yaşa bağlı korluğun əsas səbəblərindən olan qlaukoma xəstəliyini müalicə edəcəyi gözlənilir.
Digər tərəfdən, Altsheymer xəstəliyinin erkən aşkarlanması və dayandırılması istiqamətində ciddi yeniliklər əldə olunub. İndiyədək bahalı tomoqrafiya və ya onurğa beyni mayesinin analizi ilə diaqnoz qoyulan bu xəstəliyi artıq sadə qan testləri vasitəsilə simptomlar başlamazdan illər əvvəl müəyyən etmək mümkündür. Eyni zamanda, Stanford Universitetinin alimləri yaddaşı bərpa edən və koqnitiv geriləmənin qarşısını alan yeni burun damcılarının sınaqlarında uğurlu nəticələr əldə ediblər.
Mütəxəssislər bildirirlər ki, süni intellekt dəstəkli diaqnostika və fərdiləşdirilmiş gen terapiyaları yaxın illərdə xroniki və yaşa bağlı xəstəliklərin müalicəsində ənənəvi cərrahiyyə və ömürlük dərman asılılığını minimuma endirəcək.Musavat.com


























