image-reklam-veteninfo
image-settarbackend

“1918-ci il Bakının azad edilməsi müstəqilliyin siyasi bünövrəsiidi”

image-reklam-veteninfo

Azərbaycan xalqının tarixi elə mübarizə salnaməsidir ki, onun hər bir səhifəsi azadlıq, suverenlik və milli qürur uğrunda qazanılmış zəfərlərlə doludur. 1918-ci ilin sentyabrında Bakının azad olunması ilə başlayan bu yol, 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə davam etdi. Bu iki tarixi hadisə arasında yüz ildən bir az zaman fərqi olsa da, mahiyyət baxımından onları birləşdirən böyük dövlətçilik iradəsi və milli azadlıq ideyasıdır. Azərbaycan dövlətçiliyinin taleyində 1918-ci il sentyabrın 15-i isə qızıl hərflərlə yazılmış günlərdən biridir. Həmin gün Bakı şəhəri – Azərbaycanın ürəyi, siyasi, iqtisadi və mədəni mərkəzi işğaldan azad edildi. Bu tarixi hadisə həm Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu, həm də dövlətçilik ənənələrinin davamlılığı baxımından dönüş nöqtəsi oldu. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə paytaxt olan Bakı şəhəri hələ də erməni-bolşevik silahlı dəstələrinin nəzarəti altında idi. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti, daşnak dəstələri və xarici qüvvələrin dəstəyi ilə şəhəri işğal altında saxlayırdı. Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncədə fəaliyyət göstərsə də, dövlətin “ürəyi” – Bakı olmadan milli hakimiyyət yarımçıq görünürdü. Müstəqil Azərbaycan Bakısız sanki başsız bir bədən idi.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan hökumətinin qarşısında duran ən mühüm vəzifə Bakının azad olunması idi. Çünki paytaxtın işğaldan azad edilməsi olmadan dövlət quruculuğu, idarəçilik və beynəlxalq müstəvidə möhkəmlənmə mümkün deyildi. Cümhuriyyət hökuməti bu ağır vəziyyətdə qardaş Osmanlı dövlətinə müraciət etdi. 1918-ci il iyunun 4-də Gəncədə imzalanan müqaviləyə əsasən, Osmanlı dövləti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürdü. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycan milli qüvvələri ilə birlikdə tarixi missiyaya – paytaxtın azadlığına başladı. Göyçay döyüşlərindən başlayan mübarizə düşmənə ağır zərbə vurdu. Şamaxı, Kürdəmir, Ağsu və digər bölgələrdə erməni-bolşevik silahlıları darmadağın edildi. 1918-ci ilin sentyabrında isə Qafqaz İslam Ordusu Bakıya yaxınlaşaraq həlledici hücuma başladı. Sentyabrın 14-dən 15-nə keçən gecə başlayan hücum iki gün ərzində uğurla başa çatdı. İngilis, rus və erməni hərbi birləşmələri darmadağın edildi, Sentrokaspi diktaturası süqut etdi. General Çarls Denstervilin qoşunları gəmilərlə şəhəri tərk etməyə məcbur oldu. 1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad edildi. Qafqaz İslam Ordusu və Azərbaycan milli qüvvələrinin igidliyi sayəsində paytaxt azad nəfəs aldı. Bu zəfərdə 1130 türk əsgəri və azərbaycanlı döyüşçü şəhidlik zirvəsinə ucaldı. Onların qanı bahasına Azərbaycan dövlətçiliyi möhkəmləndi, müstəqilliyin dayaqları quruldu. Bakının azad edilməsindən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti paytaxtı Gəncədən Bakıya köçürdü. Bu, dövlət quruculuğunda tamamilə yeni mərhələnin başlanğıcı idi. Parlamentin, hökumətin, diplomatik nümayəndəliklərin fəaliyyəti Bakıda mərkəzləşdi. Azərbaycan beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmağa doğru əmin addımlar atdı. Eyni zamanda, Bakının azad edilməsi xalqımızın milli həmrəyliyinin təntənəsi oldu. Çünki bu zəfər təkcə hərbi qələbə deyil, həm də milli kimliyin, dövlətçilik iradəsinin təcəssümü idi.
Azərbaycan xalqı bu qələbəni qardaş Türkiyənin hərbi və mənəvi dəstəyi ilə qazanmışdı. 1918-ci ilin sentyabrında türk əsgərlərinin Bakını işğaldan azad etməsi yalnız hərbi yardım deyil, həm də tarixdə əsl qardaşlıq rəmzinə çevrildi. Məhz bu səbəbdən hər il sentyabrın 15-də Azərbaycan xalqı şəhid türk əsgərlərinin xatirəsini böyük ehtiramla yad edir. Bakıda ucaldılmış “Türk Şəhidliyi” abidəsi, 2018-ci ildə Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm parad, cənab Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birlikdə iştirakı bu tarixi qardaşlıq nümunəsinin bu gün də yaşadığını göstərir. 1918-ci ildə Bakının azad olunması Azərbaycan tarixində dönüş nöqtəsi idi. Bu qələbə sayəsində Azərbaycan Xalq Cümhuriyyəti real dövlət kimi formalaşdı, müstəqilliyin dayaqları möhkəmləndi. Bu zəfər həm də sübut etdi ki, Azərbaycan xalqı azadlıq uğrunda mübarizədən çəkilmir və müttəfiqi ilə birlikdə tarixin ən çətin sınaqlarından şərəflə çıxmağı bacarır. Bugünkü müstəqil Azərbaycan dövləti həmin tarixi qələbənin varisidir. Sentyabrın 15-i isə xalqımızın yaddaşında qəhrəmanlıq, qardaşlıq və dövlətçilik iradəsinin əbədi simvolu olaraq yaşayır.

Millət vəkili sonda onu da deyib ki, 1918 və 2020-ci illərin zəfərləri arasında müqayisə aparsaq qürur duyulası məqamlar ortaya çıxır. 1918-ci ildə Bakının azad olunması Cümhuriyyətin yaşamasını təmin etdi, 2020-ci ildə isə Qarabağın azad olunması müasir Azərbaycan dövlətini möhkəmləndirdi. Hər iki zəfərin əsas dayağı xalqın birliyi və ordunun şücaəti oldu. 1918-ci ildə Türkiyənin dəstəyi önəmli rol oynadı, 2020-ci ildə isə Azərbaycan öz gücü ilə tarixi Qələbəni təmin etsə də, Türk dünyasının mənəvi dəstəyi böyük güc verdi. Beləcə də hər iki zəfər milli qürurun, tarixi ədalətin və suverenliyin bərpası kimi tarixə yazıldı. 1918-ci ildən 2020-ci ilə qədər uzanan bu yol Azərbaycanın mübarizə iradəsini və dövlətçilik ənənələrinin davamlılığını sübut edir. Bu gün artıq Azərbaycan öz ərazilərində tam suveren hakimiyyətini təmin edib, bölgədə yeni reallıqlar yaradıb-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki