Türkiyədə daha bir televiziya kanalının fəaliyyətini dayandıracağı açıqlanıb.
“TELE2” kanalının bağlanmasından sonra təxminən 21 illik yayım tarixçəsi olan “Cem TV” də ekranlara vida etməyə hazırlaşır.
Vətəninfo.az xəbər verir ki, bu barədə telekanalın rəhbəri Erol İşık məlumat verib.
Onun sözlərinə görə, 2023-cü ildə yayımını dayandıran “Cem TV” 11 mart 2026-cı ildə yenidən efirə qayıtsa da, fəaliyyətini davam etdirmək mümkün olmayıb.
Erol İşık kanalın bağlanmasının əsas səbəblərindən birinin maliyyə çətinlikləri olduğunu bildirib.
“Bu kanal uğrunda mübarizə, şübhəsiz ki, bizə çox zərər verdi”, – deyə o qeyd edib.
Telekanal rəhbəri bildirib ki, “Cem TV” Ələvi icmasına xidmət etmək məqsədilə fəaliyyətə başlasa da, gözlədikləri dəstəyi ala bilməyiblər.
“Əksinə, kanala mane olanlar həddindən artıq çox idi. Belə çətin vəziyyətdə maliyyə problemlərimizi də həll edə bilmədik. Nəticədə peyk və digər sahələr üzrə borclarımız artdı. Bu səbəbdən kanalın fəaliyyətini dayandırmaq qərarına gəldik”, – deyə Erol İşık vurğulayıb.
Beləliklə, Türkiyənin televiziya məkanında uzun illər fəaliyyət göstərən “Cem TV” də maliyyə və digər çətinliklər səbəbindən fəaliyyətini dayandıran kanallar sırasına qoşulacaq.


























