image-reklam-veteninfo
image-img-20250520-wa0017backend

28 May – Müstəqillik Günü

image-reklam-veteninfo

Ölkəmizin tarixində kədərli, məğlubiyyət səhifələri olduğu kimi şanlı, zəfər dolu səhifələr də tariximizə həkk olunmuşdur. Bu şanlı səhifələrdən biri də 28 May-Müstəqillik Günüdür. Azərbaycan tarixində qürurlu iz qoyan və 1918-ci il 28 may tarixində Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyaraq öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, ölkədə dönüş nöqtəsi yaratdı. Bu dövr ərzində qalibiyyətlər, nailiyyətlər əldə edilmiş, dövlətin, xalqın mənafeyi üçün mühüm qərarlar, qanunlar qəbul edilmişdir. Bu Cümhuriyyət demokratiyanın formalaşmasında, bərqərar olunmasında mühüm rol oynamışdır. Təbii olaraq dövlətin qurulması onun mühüm atributlarının yaranmasını da tələb edirdi. 1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir.
Hər bir dövlətin təməlini təşkil edən Milli Ordu qurulması da Cümhuriyyətin mühüm fəaliyyətlərindən biri olmuşdur. Beləliklə, 1918-ci il 26 iyun tarixində ilk dəfə Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Bu, dövlətin müdafiəsini təmin etmək üçün çox vacib addım idi.Onu da qeyd edim ki, AXC-dən miras qalmış bu tarix bu gün də böyük təntənə ilə qeyd edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti yalnız siyasi, hərbi məsələlər deyil, xalqın milli kimliyinin qaytarılmasında, demokratik dəyərlərin təsis edilməsində, ana dilimizin elan edilməsi, təhsil, səhiyyə, mədəniyyət və s. kimi məsələlər də diqqət mərkəzində olmuş, mühüm fəaliyyətlər həyata keçirilmişdir. Belə ki, ilk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən, milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr , Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Beləliklə, sadəcə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində bir çox uğurlar, nailiyyətlər əldə etmiş və bir sıra məsələlərdə ilkə imza atmışdır.
Azərbaycan tarixinin mühüm hadisəsi olaraq 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Və 1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.
Ölkəmizin tarixində baş verən bütün çətinliklərə baxmayaraq Azərbaycan 1991-ci il 18 oktyabr tarixində yenidən öz müstəqilliyinə qovuşdu. Çətin tarixi şərait də olsa Azərbaycan öz müstəqilliyini qorumağı bacardı. Təbii ki, bu mühüm nailiyyət Ulu Öndər Heyər Əliyevin uğurlu siyasətinin nəticəsidir. Ölkənin ictimai-siyasi həyatındakı çətinliklərə, daxili münaqişələrə, Ermənistanın torpaqlarımıza qarşı təcavüzünə baxmayaraq bu dövlət xilas olmağı bacardı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda hər bir sahədə inkişaf, təkmilləşmə baş verdi. Bildiyimiz kimi Ümummilli liderin tək məqsədi işğalda olan torpaqlarımızın azad olmasıdır və görülən hər bir fəaliyyət, tədbirlər, qərarlar ölkənin gələcəyinin inkişafı, çiçəklənməsi üçün atılmış addımlardır.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini Prezident İlham Əliyev layiqli şəkildə davam etdirdi. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan şanlı Azərbaycan bayrağı 30 ildən çoxdur işğalda olmuş azad Qarabağımızın hər bir guşəsində dalğalanır.
Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi ilə ölkəmizin inkişafı daha sürətli şəkildə davam edir.
Bütün bunlar bir daha göstərdi ki, AXC-nin varisi olan Azərbaycan dövləti hər zaman öz müstəqilliyini, əbədiliyini qorumağa qadirdi.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki