image-1backend

39 yaşlı general niyə güllələndi? –Ermənilərin amansız qisası

image-reklam_sirab_01

Tarix bizim istəklərimizdən deyil, həqiqətdən, bəzən də acı həqiqətdən asılı olur. Sovet tarixşünüaslığı 70 il ərzində əsl həqiqəti bizdən gizlədib. Həyatını Azərbaycana fəda edən neçə-neçə ərən babamız bizə düşmən kimi sırınıb. Sovet hökümətinin düşməni kimi, bizə sırınan babalarımız əslində bizim şərəf tariximizi yazan insanlar olub. Gəncə üsyanının qəhrəmanı polkovnik Cahangir bəy Kazımbəyli, generallar Əbdülhəmid bəy Qaytabaşı, Məhəmməd Mirzə Qacar kimi neçə-neçə vətən fədailəri düşmən kimi təqdim edilib. Əsl həqiqət açılanda isə, bizim düşmənimizin kim olduğu bəlli olub. Tarix dərsliklərində 70 il ərzində bizə düşmən kimi təqdim edilən oğullarımızdan biri də, “Əsgəran döyüşü”nün qəhrəmanı olan general-mayor Həbib bəy Səlimovdur.

Cümhuriyyət dövründə Azərbaycan Ordusunun yaranmasında əvəzsiz xidmətləri olan general Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda anadan olub. Onun atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı vəzifəsində işləyib. Həbib bəy ilk təhsilini İrəvanda Müəllimlər Seminariyasında alır. Daha sonra isə təhsilini İrəvan gimnaziyasında davam etdirir. 1900-cü ilin avqustunda o, çar Rusiyasında orduya könüllü gələrək Yelizavetpol süvari alayında xidmət etməyə başlayır. Burada unter-zabit rütbəsi alır. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirən Həbib bəy Üçüncü Qafqaz atıcı batalyonuna xidmətə göndərilir. Yüksək biliyə malik olan Həbib bəy qısa zaman içində rus dili ilə bərabər alman dilini də öyrənir. Hərbi dərsliklərin az olması, bu dərsliklərinin çoxunun xarici dildə olması gənc zabiti yolundan döndərmir. Daim öz bilik və bacarığını artıran Həbib bəy 1905-ci ildə alman dilindən hərbi məlumatları rus dilinə tərcümə edir.

1905-ci ilin noyabrında 24 yaşlı gənc zabit təlimlərdəki uğrurlu nəticəsinə görə “Müqəddəs Vladimir” ordeni ilə təltif olunur. Hərbçilərin dediyinə görə, sülh dövründə gənc zabitin belə bir ordenlə təltif olunması nadir hadisə idi. Həbib bəy Səlimov 1906-cı ilin yanvarında Şuşaya ezam olunur. Erməni daşnakları Şuşada yerli əhaliyə divan tutur, silahsız insanları qətlə yetirirdi. Qısa zaman kəsiyində Həbib bəy erməni daşnak dəstələrinin zərəsizləşdirir. Tabur komandiri kimi Həbib bəy erməni daşnak dəstələrini Şuşa ətrafındakı yüksəklikdən təmizləyir və Şuşaya nəzarəti tam nəzarətə götürür.

Hələ hərbi məktəbdə təhsil alararkən fars dilini öyrənməyə başlayan Həbib bəy 1910- cu ildə imtahan verərək xüsusi kəşfiyyat qrupuna qəbul olunur. 1910-cu ilin mayında Həbib bəy Səlimov Tehrana ordu kəşfiyyatının məxfi tapşırığı ilə fəaliyyətə göndərilir. 1912-ci ilin avqustunda ona kapitan rütbəsi verilir. Həbib bəy eyni zamanda Petroqradda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirir.

1918-ci ilin avqustunda Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi bacarığına görə Həbib bəy korpusun qərargah rəisi təyin edilir.

Azərbaycanda cümhuriyyət elan olunduqdan sonra vaxtı ilə çar ordusunda xidmət etmiş bir sıra azərbaycanlı zabitlər kimi Həbib bəy öz vətənində ordu quruculuğunda yaxında iştirak etməyə başlayır. 1918-ci il iyunun 26-da Azərbaycan Milli Ordusu yaranan gün Həbib bəy Hərb Nazirliyinin baş qərargah və dəftərxana rəisi təyin olunur. 1919-cu ilin fevralın 26-da isə hərb naziri Səməd bəy Mehmandarovun 31 saylı əmri ilə polkovnik Həbib bəy Səlimova general rütbəsi verilir. General-mayor Həbib bəy Səlimov 1920-ci il dekabrın 30-da 39 yaşında bolşeviklər tərəfindən güllələnir. General ömrünün sonuna kimi subay qalır, həyatını hərbə həsr etdiyi üçün evlənməyə vaxtı olmur.

Onun adı bir azərbaycanlı hərbçisi kimi daha çox tarixdə “Əsgəran müharibəsi” adı ilə tanınan döyüşlərdə məşhur olub. Həbib bəy bu müharibənin qəhrəmanı kimi ad-san qazanıb. Belə ki, 1920-ci ilin Novruz bayramı ərəfəsində daşnakları Qarabağda Əsgəran keçidini kəsiblər. Məqsəd Qarabağı Azərbaycandan ayırmaq olur. Azərbaycan Cümhuriyyətinin Müdafiə Nazirliyi top və pulemyotlarla silahlanan və İrəvandan gələn daşnak generalı Dro Kanayan komandanlığı altında birləşən ermənilərə qarşı hərbi tədbirlər görüb. General Həbib bəyin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər nəticəsində ermənilər Əsgəranda darmadağın edilib.
Həbib bəy Səlimov bütün hərbi bacarığı ilə özünü Azərbaycanın suverenliyi uğrunda fəaliyyətə həsr edib. Çünki Həbib bəy Səlimovun 1918-20-ci illərdə hərbi fəaliyyətinin xəritəsi bunu göstərir. Bunu az da olsa o dövr üçün rast gəlinən tarixi sənədlər də sübut edir. Məsələn, 1918-ci il avqust ayında təxribatçı polkovnik İlyuşenko Lənkəranda qondarma “Muğan respublikası”nı elan edir. “1919-cu ilin iyulunda general Həbib bəy Səlimovun komandanlıq etdiyi briqada Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələrini darmadağın edir. Düşməndən qənimət kimi götürdüyü 1 təyyarəni, 24 topu və 60 pulemyotu Azərbaycan ordusunun istifadəsinə verir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilir”

1918-ci ildə Nuru paşanın komandanlığı ilə Azərbaycana gələn türk ordusu ilə hərbi əməkdaşlıqda Həbib bəy Səlimov böyük rol oynayır. O, türk ordusu ilə birgə daşnaklara qarşı döyüşlərdə bütün Qafqazda ad-san qazanır. Həmin döyüşlərdə onun başçılıq etdiyi briqada Nəvai və Ağbulaq stansiyalarının, Ələt və Bakı-Gəncə yolunun ermənilərdən azad edilməsində mislsiz rol oynayır.

Azərbaycan Milli Ordusunda 1919-cu ildə hökm sürən maddi çətinliklərdən ən çox narahat olan da Həbib bəy olur. Onun həmin il bu mövzuda hökumətin adına ünvanladığı həyəcan dolu məktubu da var: “Demək olar ki, bütün əsgərlər Azərbaycan əyalətlərində yerli əhalinin hesabına dolanır, yarıac, yarıtox həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda da əsgərlər yemək tapmırlar. Nə alayın, nə də korpusların anbarları yoxdur. Əsgərlərə həmişə “un şorbası” yedirtmək olmaz ki?! Onuncu alayın çoxlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər əlbəttə ki, evə qaçmaq istəyəcək.

Ona görə də özümə borc bilərək aşağıdakı təkliflərimi çatdırıram:
1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün.
2. Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır.
3. Belə Korpusun yaradılması və təminatı üçün vəsait əsirgənməməlidir.”

Həbib bəy Səlimovu aradan götürmək, məhv etmək üçün çox çalışırdılar. Qarabağdakı döyüşlərdə göstərdiyi qəhrəmanlığı ilə ermənilərin qorxulu röyasına çevrilən Həbib bəy Səlimov Azərbaycanda Sovet Hakimiyyəti qurulan zaman, bolşeviklər onun xidmətindən yararlanır. Ermənilər çox calışsalarda onu aradan götürə bilmirlər.
Həbib bəyin öz peşəsinə sadiq, qüsursuz fəaliyyəti və general nüfuzu ermənilərin yuxusunu qaçırmağa başlayır. Əslində keçmiş Müsavat generalı olsa da, Həbib bəy Səlimovu ittiham etmək üçün əsaslar olmayıb. Çünki, o hərbçi kimi daim ölkəyə olan basqınlara qarşı döyüşüb, siyasətdən uzaq olub. O dövrdə bolşevik ermənilər də bu faktın qarşısında aciz qalırlar. Lakin bu, Həbib bəyin həbs olunmaması üçün əsas olmur. Onu 1920-ci il sentyabrında həbs edirlər. General Səlimov üçün 2017 saylı həbs vərəqəsi yazılır. Tarixi sənədlərin göstərdiyi utandırıcı məqam odur ki, Qubin soyadlı rus istisna olmaqla Həbib bəyə qarşı yalançı ittihamların əksər müəllifləri öz soydaşlarımız olur. İttihamlarda cəhd olunur ki, generalın Qarabağ, Muğan və Lənkəran döyüşlərində əvəzolunmaz xidmətləri danılsın. Təbii ki, bu alınmır. Çünki, bu döyüşlərdə xidmətin mərkəzində məhz general Səlimov özü olub. O zaman başqa fəndə əl atılır. İttiham irəli sürülür ki, 1918-ci ildə türk generalı Nuru paşa Azərbaycana gələndə Həbib bəy Səlimov onun ordusunda bolşeviklərə qarşı döyüşüb.

Həbib bəyin həbsi ilə bağlı ittihamlarda səslənir ki, Tiflisdə və Bakıda təşkilat fəaliyyət göstərir və onlar bolşevik hakimiyyətinə qarşı üsyana hazırlaşırlar. Guya Tiflis və Batumda əksinqilabçılara general Vrangel general Həbib bəy Səlimov vasitəsilə silah göndərir. 1922-ci avqustun 22-də Naxçıvan ÇK-nın iclasında hərbi komissar Starovun rəhbərliyi ilə Həbib bəyin işinə baxılır. Bütün yalançı ittihamlardan sonra bolşeviklər general Həbib bəy Səlimovu 1920-ci il dekabrın 30-da saat 10:30-da güllələyirlər. İttihamda əmlakının müsadirə olması da göstərilir. Qəribədir, hansı əmlak?! Arxiv sənədlərində göstərilir ki, subaydır, qardaşı ilə birgə yaşayır və iki desyatin torpağı var. Özü bəy olsa da var-dövləti elə bunlar olub.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki