image-reklam-veteninfo
image-1backend

95 yaşlı qadının milyonluq mirası ilə bağlı qalmaqal: 546 min manatı 20 günə xərclədilər

image-reklam-veteninfo

Türkiyənin Adana şəhərində 95 yaşlı Türkan İşbilir atasından miras qalan torpaq sahəsinin satışı ilə bağlı nəvəsi və qızını dələduzluqda ittiham edib. Vətəninfo.az xəbər verir ki, yaşlı qadının iddiasına görə, yaxınları onu 10 mənzil veriləcəyi vədi ilə aldadaraq torpaq sahəsini satdırıb, əldə olunan vəsaitin böyük hissəsi isə qısa müddətdə xərclənib.

İddialara əsasən, nəvəsi G.K. və qızı E.E. may ayında Türkan İşbiliri torpaq sahəsini 10 mənzil müqabilində satmağa razı salıblar. Yaşlı qadın əvvəlcə təklifi qəbul etməsə də, sonradan yaxınlarının təkidindən sonra razılıq verib. Onun sözlərinə görə, həmin gün ona iynə vurulub, daha sonra psixi sağlamlığı ilə bağlı arayış alınması üçün xəstəxanaya, ardınca isə torpaq qeydiyyatı idarəsinə aparılıb və torpaq təxminən 714 min manat (17 milyon türk lirəsi) qarşılığında satılıb.

Türkan İşbilir bildirib ki, sonradan ona vəd edilən mənzillərin alınmasından imtina edildiyi, əvəzində pulun götürüldüyü deyilib. İddialara görə, satışdan əldə olunan vəsait onun bank hesabına köçürülsə də, bank kartı əlindən alınıb, mobil bankçılıq isə başqa şəxslərin telefonunda aktivləşdirilib.

Ailənin iddiasına görə, hesabdakı vəsaitin təxminən 546 min manatlıq (13 milyon türk lirəsi) hissəsi 15 may – 10 iyun tarixləri arasında, cəmi 20 gün ərzində müxtəlif istiqamətlərdə xərclənib. Bildirilir ki, pul onlayn alış-verişə, qızıl məmulatlarının alınmasına, texnologiya məhsullarına və digər şəxsi xərclərə sərf olunub.

Ailənin vəkili Ömər Demirin sözlərinə görə, bəzi günlərdə xərclərin həcmi 21 min manatdan 42 min manata (500 min – 1 milyon türk lirəsi) qədər yüksəlib.

Hadisə Qurban bayramı zamanı Türkan İşbilirin digər nəvələri Cemile və Cengiz Akkanatın onu ziyarət etməsindən sonra üzə çıxıb. Yaşlı qadının başına gələnləri dinləyən nəvələri hüquqi yardım alaraq G.K. və E.E. barəsində prokurorluğa şikayət ediblər. Məhkəmə araşdırması başlayarkən Türkan İşbilirin bank hesabına ehtiyat tədbiri tətbiq olunub.

Türkan İşbilir bildirib ki, satılan torpaq atasından ona miras qalıb və uzun illər maddi çətinliklər yaşasa da, həmin ərazini satmayıb.

Digər tərəfdən, barəsində ittihamlar səsləndirilən G.K. iddiaları rədd edib. O bildirib ki, vəsaiti xərcləyən şəxs xalası E.E. və onun həyat yoldaşı olub. G.K. həmçinin ailəsinin ona böhtan atdığını iddia edərək məsələ ilə bağlı prokurorluğa müraciət etdiyini açıqlayıb. E.E.-nin mövqeyini öyrənmək isə mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma davam edir və işə məhkəmədə baxılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki