ABŞ Avropada “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalına dair lisenziyanın verilməsi ilə bağlı hələlik qərar qəbul etməyib. Bununla belə, Vaşinqton məsələyə yenidən baxacağını bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə G7 ölkələrindən birinin rəsmisi Ukraynanın “Suspilne” nəşrinə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, ABŞ tərəfi məsələni araşdırmağı öhdəsinə götürsə də, Avropada “Patriot” sistemlərinin istehsalının lisenziyalaşdırılması ilə bağlı konkret qərar verilməyib.
Rəsmi qeyd edib ki, belə bir addım hava hücumundan müdafiə sistemlərinin istehsal imkanlarını artırmağa kömək edə bilər.
“Bu, istehsalın genişləndirilməsi yollarından biridir. ABŞ-ın bu sistemlərdən müxtəlif bölgələrdə istifadə etdiyini nəzərə alsaq, əlavə istehsal güclərinin yaradılması məntiqli görünür. Hava hücumundan müdafiə sistemləri üçün nə qədər çox istehsal imkanları olsa, bir o qədər yaxşıdır”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, məsələ G7 liderləri ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə də müzakirə olunub. Danışıqlarda əsas diqqət tələb olunan sayda raket və tutucu sistemlərin daha qısa müddətdə əldə olunması yollarına yönəlib.
Xatırladaq ki, may ayının sonunda Zelenski ABŞ Prezidenti Donald Trampdan Ukraynaya “Patriot” sistemləri üçün PAC-3 tipli raketlərin istehsalına lisenziya verilməsini xahiş etdiyini açıqlamışdı.
Ukrayna lideri bildirib ki, ölkəsinin Almaniya ilə bu istiqamətdə müəyyən razılaşmaları olsa da, həmin razılaşmalar gələcək tədarükləri əhatə edir. O, həmçinin vurğulayıb ki, “Patriot” zenit-raket kompleksləri hazırda yalnız ABŞ-da istehsal olunur.
Zelenskinin sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar əvvəlki ABŞ Prezidenti Co Bayden dövründə başlanıb və hazırda da davam etdirilir.


























