Amerika Birləşmiş Ştatlarında aliment ödəməmək üçün saxta sənədlə özünü ölü göstərən adama həbs cəzası verilib.
Aliment ödəməmək üçün qeydiyyat sistemini “sındıraraq” hazırladığı saxta sənədlə özünü ölü kimi təqdim edən adam 7 il həbs cəzası alıb.
Kentukki (Kentucky) Baş Prokurorluğundan verilən yazılı açıqlamaya görə, Cessi Kipf (Jesse Kipf) ölüm qeydiyyatı sistemini “qıraraq” başqa ştatda bir həkimin istifadəçi adı və şifrəsini oğurlayıb. Onun məlumatlarından istifadə edərək Havayda ölüm qeydiyyatı sisteminə daxil olub. Kipf məlumatını oğurladığı həkimin rəqəmsal imzası ilə özü üçün hazırladığı ölüm sənədini imzalayıb.
Cezzi Kipf bir neçə hökumət məlumat bazasında özünü ölü kimi göstərdiyini etiraf edib və bunu uşaq dəstəyi – aliment öhdəliklərindən yayınmaq üçün etdiyini söyləyib.
Müxtəlif ştatlarda ölüm qeydiyyatı sistemlərini, özəl biznes və ictimai şəbəkələri də “sındıran” Kipf bu giriş məlumatlarını başqalarına da satmağa çalışıb.
Günahını boynuna alan Cezzi Kipf fırıldaqçılıq və ağırlaşdırılmış şəxsiyyət oğurluğuna görə təxminən 7 il həbs cəzasına məhkum edilib.