ABŞ-ın Corciya ştatında yerləşən Folkston D. Ray James miqrasiya həbsxanasında saxlanılan şəxslər ağır şəraitə etiraz olaraq aclıq aksiyasına başlamağa hazırlaşırlar. Məlumata görə, onların arasında azərbaycanlı soyadları daşıyan İdris Mahmudov və Abdullah Mahmudov da var. Bildirilir ki, hər iki şəxs artıq 26 aydır həbsdə saxlanılır.
Məlumata görə, əvvəllər federal həbsxana kimi istifadə olunan müəssisə sonradan ABŞ-ın Miqrasiya və Gömrük Xidməti – ICE üçün yenidən qurulub. Bundan sonra həbsxanada rejimin daha da sərtləşdirildiyi iddia olunur.
Məhbusların sözlərinə görə, əraziyə əlavə tikanlı məftillər çəkilib, beton keçidlərdə hərəkət sərhədləri müəyyənləşdirilib. Gəzinti zamanı onların yalnız bir-birinin ardınca hərəkət etməsinə və danışmamasına icazə verildiyi bildirilir. Məhbuslar silahlı mühafizəçilərin nəzarətində saxlanılır. Ən ciddi şikayətlərdən biri tibbi və gigiyenik şəraitlə bağlıdır. Məhbuslara gigiyena vasitələrinin ötürülməsinə məhdudiyyət qoyulduğu, bir çox şəxsin diş problemlərindən əziyyət çəkdiyi bildirilir. Kameralardakı zəif işığın isə görmə problemlərinə səbəb olduğu qeyd olunur. Bundan başqa, saxlanılan şəxslərin sutka ərzində cəmi 5 saat yatmasına imkan verildiyi, həmin müddətdə də sakitliyin qorunmadığı iddia olunur. Qulaq tıxaclarından istifadəyə də icazə verilmədiyi bildirilir.
Məhbusların sözlərinə görə, bəzi əməkdaşlar onlara təhqiramiz və təhdidedici ifadələr işlədərək heç birinin ABŞ-da azadlığa çıxmayacağını və deportasiya ediləcəyini bildiriblər. Onların xarici dünya ilə əlaqələrinin də ciddi şəkildə məhdudlaşdırıldığı bildirilir. Məktubların ünvanına çatmadığı, müraciətlərin cavabsız qaldığı, elektron poçta çıxışın olmadığı, telefon danışıqlarının isə məhdudlaşdırıldığı və baha başa gəldiyi qeyd olunur.
İndi məhbusların bu şəraitə etiraz olaraq aclıq aksiyasına başlamağa hazırlaşması vəziyyəti daha da gərginləşdirir. Azərbaycanlı soyadları daşıyan İdris Mahmudov və Abdullah Mahmudovun 26 aydır həbsdə saxlanılması isə məsələni Azərbaycan üçün xüsusi diqqətə çıxarır.
Əgər həbsxanadakı şəraitlə bağlı səsləndirilən iddialar təsdiqlənərsə, burada yalnız ABŞ-ın miqrasiya siyasəti deyil, uzun müddət saxlanılan şəxslərin hüquqları və onlara göstərilən tibbi yardım məsələsi də ciddi suallar doğurur.
Vaşinqton qarşısında məsələ qaldırılmalı və onların hüquqlarının müdafiəsi üçün diplomatik addımlar atılmalıdırmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, məsələni emosional və siyasi müstəviyə keçirmədən, ilk növbədə adı çəkilən iki şəxsin Azərbaycan vətəndaşı olub-olmadığını müəyyənləşdirmək və bundan sonra onların hüquqlarının qorunması üçün ABŞ tərəfi ilə rəsmi konsulluq kanalları üzrə əlaqə yaratmaq ən düzgün yoldur: “26 ay kimi uzun müddətli saxlanma və aclıq aksiyası barədə məlumatlar təsdiqlənərsə, xüsusilə tibbi vəziyyətlərinin diplomatik diqqətdə saxlanılması əhəmiyyət qazanır. Azərbaycan vətəndaşlarının saxlanılması faktı təsdiqləndiyi halda, Azərbaycanın Vaşinqtondakı səfirliyi və XİN tərəfindən konsulluq səviyyəsində araşdırılmalı və ABŞ tərəfi qarşısında qaldırılmalıdır. Burada əsas məsələ ABŞ-ın miqrasiya siyasətinə siyasi qiymət verməkdən daha çox, konkret şəxslərin hüquqi statusunun, sağlamlığının və saxlanma şəraitinin müəyyənləşdirilməsidir. Burada xüsusilə mühüm məqam İdris Mahmudov və Abdullah Mahmudovun Azərbaycan vətəndaşı olub-olmamasının rəsmi qaydada dəqiqləşdirilməsidir. Çünki təkcə soyadın Azərbaycan mənşəli olması onların Azərbaycan vətəndaşı olduğunu təsdiqləmir. Məsələn, hazırkı beynəlxalq xəbərlərdə Folkstondakı aclıq aksiyasının təşkilatçılarından birinin İdris Makhmudov adlı Rusiya vətəndaşı olduğu iddia edilir. Əgər onların Azərbaycan vətəndaşlığı təsdiqlənərsə, məsələ artıq adi media məlumatından çıxaraq konsulluq müdafiəsi predmetinə çevrilir. ABŞ Dövlət Departamentinin öz qaydalarına görə, Azərbaycan ABŞ-da konsulluq bildirişi məcburi olan ölkələr siyahısındadır. ABŞ ərazisində saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı Azərbaycan diplomatik nümayəndəliyinə bildiriş verilməli və konsulluq əməkdaşlarının həmin şəxslə əlaqə saxlamasına imkan yaradılmalıdır”.


























