İran prezidenti Məsud Pazeşkian Oman sultanı Heysəm bin Tariq ilə telefon danışığı zamanı ABŞ və İsrailin “sui-qəsdlərinin” uğur qazanmayacağını vurğulayıb. Vətəninfo.az xəbər verir ki , bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Pezeşkian Oman Sultanlığının aydın mövqelərinə və regionda sülh və sabitliyin bərqərar edilməsi səylərinə göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib.
İran İslam Respublikası bütün qonşu və regional ölkələri, eləcə də islam ölkələrini qardaş hesab edir və onlarla qarşıdurma yaratmaq və ya gərginliyi artırmaq niyyətində deyil.
Pezeşkian ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna cavab olaraq Qətərdəki Amerika hərbi bazasına edilən hücuma da toxunub.
İran prezidenti əlavə edib: “Amerikanın sionist rejimin hərbi təcavüzünə bilavasitə müdaxiləsi İranı cavab verməyə məcbur etdi, baxmayaraq ki, biz bunu istəmədik. Telefon danışığı zamanı Qətər əmiri Şeyx Təmimə bu mövqeyi izah etdim və baş verənlərə görə ona başsağlığı verdim”.
Pezeşkian İslam ölkələrini bir-birinə qarşı qoymaq səylərini “Sionist rejim və Amerikanın bədxah bir sui-qəsdi” adlandırıb və vurğulayıb ki, “bölgə liderlərinin şüurluluğu və müdrikliyi bu planların uğurunun qarşısını alacaq”.
Oman Sultanı öz növbəsində vurğulayıb ki, ölkə İranın Qətərə hücum etmək niyyətində olmadığını tam başa düşür. O, Qətər rəhbərliyinin “bunu yaxşı bildiyinə” əmin olduğunu bildirib.
Oman Sultanı əlavə edib ki, onlar regionun digər ölkələri ilə birlikdə İran xalqının hüquqlarının bərpası istiqamətində səyləri dəstəkləyirlər.