image-2backend

ABŞ-ın ikiüzlü siyasətinə sərt tənqid

image-reklam_sirab_01

Ötən həftənin ən vacib hadisələrindən biri, dövlət başçımızın MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfər etməsi oldu.  Səfər çərçivəsində Azərbaycan Prezidentinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü baş tutdu. Səmimi mühitdə keçən görüş çərçivəsində hər iki  lider çıxış etdi və Rusiya-Azərbaycan münasibətlərinin müsbət inkişafı və ikitərəfli münasibətlərin dinamikası vurğulandı. Bununla yanaşı, dövlətimizin başçısı MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi və burada çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı əsas məqamlar Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi, Azərbaycanın gələn il ev sahibliyi edəcəyi III MDB Oyunları və  Gəncə şəhərinin idman paytaxtı elan olunması və İkinci Dünya Müharibəsində Azərbaycanın oynadığı rolun əhəmiyyəti ilə bağlı oldu. Eyni zamanda, Bakının yaxın zamanda COP29 iqlim konfransına ev sahibliyi edəcəyi bildirildi.

Dövlət başçımızın səfəri zamanı xüsusilə diqqət çəkən nüanslardan biri  “Rossiya-1” televiziya kanalına müsahibə verməsi və burada Amerika Birləşmiş Ştatlarının ikiüzlü siyasətini açıq şəkildə ifşa etməsi oldu. Əslində, bu cənab İlham Əliyevin ABŞ-ın ikiüzlü siyasəti ilə bağlı ilk dəfə fikir səsləndirməsi deyildi. Belə ki, bu müsahibədən qısa zaman öncə, 04 oktyabr 2024-cü il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “Cəbrayıl şəhəri günü” münasibətilə şəhərə səfəri çərçivəsində sakinlərlə görüşü zamanı çıxış edən Azərbaycan Prezidenti buradakı nitqində ABŞ-ı sərt tənqid etmiş və onun nankor siyasətini ifşa etmişdir. Sitat: “Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, – özü də bütün dünyanın gözü qarşısında, – bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?”.

Bəli, dövlətimizin başçısı çox açıq və qətiyyətli şəkildə dünyanın ən güclü dövlətlərindən birinə qarşı öz mövqeyini ifadə etmiş və onların riyakar siyasətini sərt şəkildə tənqid etmişdir. Dünyanın bir çox güclü dövlət rəhbərlərinin belə açıq şəkildə bu cür tənqidləri səsləndirməyə cəsarət etmədiyini demək olar. Lakin Azərbaycan Prezidenti heç bir təzyiqdən çəkinmədən, öz dövlətinin milli maraqlarını qorumaq naminə reallıqları ifadə etdi. ABŞ dünyaya demokratiya yaymaq iddiasında olsa da, əslində ən böyük ədalətsizlikləri özü nümayiş etdirir. 1992-ci ildə Azərbaycan torpaqları işğala, xalqımız zülmə və etnik təmizliyə məruz qaldığı bir zamanda, ABŞ ədaləti qorumaq əvəzinə, zülmə məruz qalanları sanksiyalarla cəzalandırdı. Bu hansı ədalətə sığar? Bu suala cavab vermək çətindir. Daha sonra baş verənlər isə daha da düşündürücüdür. Dövlətimizin başçısının vurğuladığı kimi, ABŞ-ın Azərbaycana ehtiyacı olduğu zamanlarda sanksiyalar aradan qaldırıldı, ehtiyacları bitəndə isə yenidən tətbiq olundu. Bu isə ədalətin, şəffaflığın və demokratiyanın əslində şəxsi maraqlardan və mənfəətlərdən asılı olduğunu göstərir. Məhz bu reallıqdır. Buna görə də Azərbaycan Prezidentinin müsahibəsində dediyi kimi, “Onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil.”.

       Xəyalə Cavanşirli Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki