ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili məxfi kompüter şəbəkəsi artıq üç gündür fəaliyyət göstərmir. Texniki nasazlıq səbəbindən agentliyin bəzi əməkdaşları işlərini evdən davam etdirməli olublar.
Vətəninfo.az xəbər verir ki, bu barədə “NBC News” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, NSA-nın daxili kompüter şəbəkəsində problem noyabrın 17-də yaranıb. Noyabrın 19-da da sistemə giriş mümkün olmayıb və nəticədə bəzi əməkdaşlara ardıcıl üçüncü gün evdən işləmək tapşırılıb.
Məlumata əsasən, nasazlıq agentlik daxilində narahatlıq yaratsa da, ABŞ-ın dünya üzrə elektron kəşfiyyat məlumatlarının toplanması və kibertəhlükəsizlik fəaliyyətinə təsir göstərməyib.
Mənbələr problemin NSA Net adlanan daxili şəbəkədə proqram təminatının yenilənməsi zamanı yaranmış texniki nasazlıqdan qaynaqlandığını bildiriblər.
Eyni zamanda, ilkin məlumatlara görə, sistemdəki problemin kiberhücum nəticəsində baş verdiyini göstərən hər hansı əlamət yoxdur.
Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi xarici elektron kəşfiyyat məlumatlarının toplanması və ölkənin milli təhlükəsizliyinin kiberməkanda qorunması istiqamətində fəaliyyət göstərən əsas qurumlardan biridir.


























