ABŞ Konqresinin alt komitəsinin araşdırması nəticəsində məlum olub ki, COVID-19-un patogeni Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb. Vətəninfo.az xəbər verir ki , bu barədə “Fox News” məlumat yayıb.520 səhifəlik hesabatın hazırlanmasına 2 il vaxt sərf olunub.
Yekun hesabata görə, koronavirus “çox güman ki, Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb”.
Laborator mənşə nəzəriyyəsini dəstəkləmək üçün hesabatda bildirilir ki, alt komitənin fikrincə, virus təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malikdir.Sənəddə deyilir: “Demək olar ki, bütün elmi standartlara görə, təbii mənşəli sübutlar mövcud olsaydı, o, artıq ortaya çıxacaqdı”.
Hesabatda həmçinin qeyd olunur ki, Uhanda SARS (ağır kəskin respirator sindrom) ilə mübarizə üzrə Çinin aparıcı tədqiqat laboratoriyası yerləşir. Bundan əlavə, qeyd edilir ki, laboratoriyanın tədqiqatçıları SARS-CoV-2-yə oxşar virusa 2019-cu ilin payızında, virusun qida bazarında aşkarlanmasından aylar əvvəl yoluxublar.Koronavirus pandemiyasının başlanğıcında virusun mənşəyi Çində ət, balıq və ekzotik heyvanların sanitar şəraitə riayət edilmədən satıldığı bazarlarla əlaqələndirilirdi. Koronavirusun statistikasını da izləyən Worldometers saytına görə, xəstəlik indiyədək 7 milyondan çox insanın ölümünə səbəb olub.