İranın Küveytdə yerləşən ABŞ hərbi obyektinə hücumundan sağ çıxan amerikalı mayor Stiven Ramsbottom bazanın müdafiəsindəki ciddi çatışmazlıqlarla bağlı ABŞ Konqresinə rəsmi şikayət təqdim edib.
Vətəninfo.az “CBS News” telekanalına istinadən xəbər verir ki, mayor ABŞ hərbi komandanlığını mümkün hücum təhlükəsi barədə əvvəlcədən edilən xəbərdarlıqları nəzərə almamaqda və hərbi obyektin müdafiəsini lazımi səviyyədə təşkil etməməkdə ittiham edib.
Ramsbottom bildirib ki, İranla müharibə başlamazdan əvvəl Küveytdəki Amerika komandanlıq məntəqəsinin pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına qarşı kifayət qədər qorunmadığı barədə rəhbərliyə məlumat verilib. Lakin komandanlıq bu xəbərdarlıqlara baxmayaraq, lazımi müdafiə tədbirlərini həyata keçirməyib.
Mayorun sözlərinə görə, münaqişənin ilk günündə İranın pilotsuz uçuş aparatı hərbi obyektə zərbə endirib. Hücum nəticəsində altı amerikalı hərbçi həlak olub.
Ramsbottomun Konqresə müraciəti ABŞ hərbi rəhbərliyinin bazanın təhlükəsizliyini təmin etmək üçün hansı tədbirləri gördüyü və əvvəlcədən verilən xəbərdarlıqların niyə nəzərə alınmadığı ilə bağlı sualları yenidən gündəmə gətirib.
Hadisə ABŞ hərbi obyektlərinin İranın pilotsuz uçuş aparatları qarşısında müdafiə imkanları və regiondakı Amerika qüvvələrinin təhlükəsizliyi ilə bağlı müzakirələri də gücləndirib.


























