Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-dan Moskvaya təqdim olunan sənədlərin Ukrayna münaqişəsinin uzunmüddətli nizamlanmasına aid olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki,o, sənədlərin detallarını açıqlamasa da, söhbətin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun rəhbərlik etdiyi nümayəndə heyətinin Kremlə səfəri zamanı müzakirə edildiyini deyib.
Uşakovun sözlərinə görə, Tramp administrasiyasının əvvəlki 28 bəndlik planına əlavə olaraq Moskva amerikalılardan daha 4 sənəd alıb. Rusiya tərəfi bu layihələrin məzmununu ABŞ nümayəndə heyəti ilə ümumi çərçivədə müzakirə edib.
Rusiya rəsmisi bildirib ki, amerikalı nümayəndələr Kiyevə səfər edəcəklərini vəd etməsələr də, ABŞ-a qayıtdıqdan sonra danışıqlarla bağlı işi davam etdirəcəklərini qeyd ediblər.
ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin danışıqlarda iştirakı ilə bağlı Uşakov bildirib ki, Kuşner Vitkoffla birlikdə Yaxın Şərq üzrə danışıqlarda səmərəli fəaliyyət göstərib və Moskvaya təqdim olunan sənədlərin hazırlanmasında fəal rol oynayıb.
Uşakovun açıqlamasına görə, tərəflər arasında əsas fikir ayrılığı ərazi məsələlərindədir. O, Amerikanın təklif etdiyi bəzi variantların Rusiya üçün qəbuledilməz olduğunu vurğulayıb və konkret hansı ərazilərin müzakirə edildiyini açıqlamayıb.
Bununla belə, Rusiya rəsmisi danışıqları “faydalı və konstruktiv” adlandırıb, lakin qeyd edib ki, Ukrayna böhranının həlli istiqamətində ciddi yaxınlaşma əldə olunmayıb.
Uşakov əlavə edib ki, tərəflər yalnız Ukrayna üzrə deyil, həm də Rusiya–ABŞ iqtisadi əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər. ABŞ nümayəndə heyəti danışıqların nəticələrini prezident Trampa təqdim etmək üçün vətənə qayıdacaq.


























