Rusiyapərəst mövqeyi ilə tanınan “Rıbar” Telegram kanalının yaradıcısı Mixail Zvinçuk, həyat yoldaşı və daha üç əməkdaşı Monteneqroda saxlanılıb. ABŞ isə Zvinçuklar və onların əməkdaşlarının yeri barədə məlumat verənlərə 10 milyon dollara qədər mükafat təklif edir.
Vətəninfo.az xəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan Rusiyanın “Rıbar” Telegram kanalının yaradıcısı və müəllifi Mixail Zvinçuk Monteneqroda saxlanılıb.
Məlumata görə, əməliyyat Monteneqro polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilib. Zvinçukla yanaşı, onun həyat yoldaşı və “Rıbar” kanalının daha üç əməkdaşı da saxlanılıb.
Mənbənin bildirdiyinə görə, saxlanılma xarici ölkələrdə informasiya təsirinə yönəlmiş əməliyyatlarda iştirak edən Telegram kanallarının hibrid fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya hakimiyyət orqanları daha əvvəl “Rıbar” kanal şəbəkəsini Rusiya təbliğatını yaymaqda və xarici ölkələrdə informasiya təsirinə yönəlmiş fəaliyyətlərdə ittiham ediblər. Kanal Britaniyanın sanksiyaları altındadır. ABŞ Dövlət Departamenti də “Rıbar”ı Amerika seçkilərinə müdaxilə ilə əlaqələndirən ittihamlar irəli sürüb.
ABŞ hökumətinin 2024-cü ildən fəaliyyət göstərən “Rewards for Justice” proqramı çərçivəsində Mixail Zvinçuk, onun həyat yoldaşı və əməkdaşlarının yeri barədə məlumat verənlərə 10 milyon dollara qədər mükafat təklif olunur.
Azərbaycan əleyhinə materiallarla da gündəmə gəlib
Diqqətçəkən məqamlardan biri də Mixail Zvinçuk və onun yaratdığı “Rıbar” Telegram kanalının dəfələrlə Azərbaycan əleyhinə materiallar dərc etməsidir.
Bənzər məzmunlu nəşrlər Zvinçukun iştirakı ilə Azərbaycanın ünvanına tənqidi mövqeyi ilə tanınan “Tsarqrad” telekanalında da yayımlanıb.
Beləliklə, Monteneqroda baş verən saxlanılma hadisəsi yalnız “Rıbar” kanalının fəaliyyəti deyil, həm də Rusiyanın xarici informasiya məkanına təsir imkanları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.


























