Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Biqot “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Vaşinqtonun İran siyasəti ilə bağlı açıqlamalar verib.
O, Obama administrasiyası dövründə imzalanmış nüvə sazişini tənqid edərək bildirib ki, ABŞ həmin razılaşmanı İranın nüvə silahı əldə etməsinə aparan yol kimi qiymətləndirir. Biqotun sözlərinə görə, prezident Donald Trampın məqsədi isə İranın nüvə silahı əldə etməsinin tamamilə qarşısını almaqdır.
Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, ABŞ hər hansı mümkün razılaşma çərçivəsində əvvəlcədən və ya dərhal güzəştlər etməyəcək.
Onun sözlərinə görə, sanksiyaların ləğvi və ya dondurulmuş İran aktivlərinə çıxış yalnız Tehranın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsi və bunu praktik addımlarla sübut etməsindən sonra mümkün ola bilər.


























