ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden və ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
“Bütün bunlar azadlığın gələcəyini xilas etmək üçündür. Amerika bundan heç vaxt geri çəkilməyəcək”, – deyə Bayden bildirib.
ABŞ dövlət katibi Entoni Blinken də bildirib ki, yeni hərbi yardım paketi Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatlarına yeni təkan verməlidir.
“Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin yarıdan çoxunu geri qaytarıb. Bu gün təsdiqlənən yeni yardım Ukraynanın tərəqqisini dəstəkləyəcək və ona daha da təkan verəcək”, – deyə o bildirib.
Blinken bildirib ki, hərbi yardım paketinə Ukraynanın indi və gələn qışda Rusiyanın hava hücumlarına qarşı hava hücumundan müdafiəsini gücləndirmək üçün əlavə hava hücumundan müdafiə sursatları daxildir.
“Bura həmçinin artilleriya və tank əleyhinə silahlar, eləcə də kasetli sursatlar daxildir ki, bu da Ukraynanın Rusiya qüvvələrinə qarşı əks-hücumunu davam etdirmək imkanlarını daha da artıracaq”, – ABŞ dövlət katibi əlavə edib.
Məlumata görə, yardım paketinə 155 mm-lik artilleriya üçün kaset sursatlarının ikinci partiyası, həmçinin Stinger raketlərindən istifadə edən Avenger qısa mənzilli hava hücumundan müdafiə sistemləri daxildir.