ABŞ və onun bir sıra müttəfiqləri İsrail və Livan sərhədində davam edən hərbi əməliyyatlarda 21 günlük atəşkəsə çağırıb. Onlar həmçinin Qəzza zolağında atəşkəs rejiminin yaradılmasını dəstəklədiklərini bildiriblər. Vətəninfo.az xəbər verir ki , bu barədə Ağ Ev məlumat yayıb.
Təsdiq olunarsa, atəşkəs tərəflərə münaqişənin diplomatik həlli üçün danışıqlar aparmağa imkan verməlidir.
“Biz bütün tərəfləri, o cümlədən İsrail və Livan hökumətlərini dərhal müvəqqəti atəşkəs yaratmağa çağırırıq”, – ölkələrin birgə bəyanatında deyilir.
Bəyanatı ABŞ, Avstraliya, Kanada, Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Qətər imzalayıb.
Sentyabrın 25-də BMT Təhlükəsizlik Şurasının iclası zamanı İsraillə Livanın “Hizbullah” qruplaşması arasında münaqişə müzakirə olunub.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, sentyabrın 25-də İsrailin zərbələri nəticəsində ölkədə 72 nəfər həlak olub. Sentyabrın 23-də başlayan hərbi əməliyyatların qurbanlarının ümumi sayı 620 nəfəri ötüb. Təxminən 500 min insan köçkün düşüb.