Vətəninfo.az Associated Press-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə reallaşdırılması planlaşdırılan və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılan yeni beynəlxalq dəhliz Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək.
Layihəyə dəmir yolu xətti, neft və qaz kəmərləri, fiber-optik rabitə kabelləri, eləcə də malların və gələcəkdə insanların daşınması üçün müasir infrastruktur daxildir. Marşrutun 32 kilometrlik hissəsi Ermənistan ərazisindən keçəcək.
Tikinti işlərinin ABŞ dövlət büdcəsindən maliyyələşdirilməsi gözlənilmir. Layihənin həyata keçirilməsinə özəl amerikalı korporasiyalar cəlb olunacaq.
Donald Trampın bəyanatına görə, Ağ Evdə keçirilən son görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişinin imzalanması planlaşdırılıb. Tramp bildirib ki, ABŞ administrasiyası uzun müddətdir hər iki tərəflə dialoq aparır.
“Biz Cənubi Qafqazın tam potensialını ortaya çıxarmaq üçün hər iki ölkə ilə iqtisadi inkişaf sahəsində ikitərəfli razılaşmalar imzalamağa hazırıq. Mən Ermənistan və Azərbaycan xalqları üçün düzgün və cəsarətli qərarlar verən bu liderlərlə fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və bütövlükdə dünya üçün tarixi gündür,” – deyə Tramp vurğulayıb.
“Axios” portalının Ağ Evdəki mənbələrə istinadla yaydığı məlumata görə, Ermənistan bu təşəbbüsə razılıq verib. Belə ki, ölkə “Trampın Beynəlxalq Sülh və Rifah Yolu” adlanacaq dəhlizin öz ərazisindən keçən 43,5 kilometrlik hissəsinin inşasına ABŞ nəzarəti altında icazə verməyə razılaşıb.
Məlumata görə, bu yeni ticarət yolu vasitəsilə ABŞ hər il milyardlarla dollar gəlir əldə etməyi planlaşdırır. Ekspertlər qeyd edirlər ki, bu təşəbbüs Rusiya, İran və Çinin bölgədəki təsirini zəiflədə bilər.