Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ”Həmas”ın Dohada keçirilməsi planlaşdırılan atəşkəs danışıqlarına qatılmasını gözlədiklərini bildirib.
Vətəninfo.az xəbər verir ki, Karin Jan-Pyer keçirdiyi gündəlik mətbuat konfransında Qəzzadakı son vəziyyəti qiymətləndirib.
“Atəşkəsin əldə olunmasını və müharibənin sona çatdığını görmək istəyirik”,-deyə Karin Jan-Pyer qeyd edib.
Karin Jan-Pyer İsrail ilə İran arasında son vaxtlar artan gərginliyin bu atəşkəslə azalacağına inandıqlarını bildirib.
ABŞ rəhbərliyinin “Yaxın Şərqdəki gərginliyin azalmasını istəyirik” şəklindəki bəyanatını təkrarlayan Karin Jan-Pyer ABŞ və İsrailin Dohada olacağını və ”Həmas” nümayəndələrinin orada olacağına ümidvar olduqlarını qeyd edib.
Karin Jan-Pyer Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett McQurk və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burnsun da Dohada olacaqlarını və danışıqların yenidən başlaması üçün əllərindən gələni etdiklərini bildirib.
Qeyd edək ki, bölgəyə səfərini ləğv etdiyi bildirilən ABŞ dövlət katibi Entoni Blinken misirli və qətərli həmkarları ilə telefon əlaqəsi saxlayaraq danışıqlarla bağlı mövcud vəziyyəti qiymətləndirib.