Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Saloğlu qəsəbəsi və Aşağı Kəsəmən kəndində vətəndaşların növbəti səyyar qəbullarını keçirib. Qəbullarda aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Səyyar qəbullarda giriş nitqi söyləyən İH-nin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə əldə etdiyi tarixi nəaliyyətlərdən söz açaraq qeyd edib ki, xalqımız bu addımları böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi xətti ilə ölkəmizin bütün sahələrində məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirilir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün tam əminliklə deyə bilərik ki, ölkədə əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, o cümlədən hər bir bölgədə bu məsələlər daim diqqətdə saxlanılır.
Səyyar qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətlərinin hərtərəfli araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə lazımi göstərişlər verilib. Həmçinin sakinləri maraqlandıran bir sıra məsələlərə dair qanunamüvafiq izahatlar verilib.