Avropa İttifaqı Rusiyada yaşayan şəxslərin “Erasmus+” beynəlxalq tələbə mübadiləsi proqramında iştirakını qadağan edib. Yeni qərar vətəndaşlığından asılı olmayaraq Rusiyada yaşayan bütün şəxslərə şamil olunacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının “Erasmus+” proqramının 2027-ci il üçün dərc etdiyi təlimatında bildirilib.
Sənədə əsasən, Rusiyada yaşayan şəxslərin proqramda istənilən formada iştirakı qadağan edilir. Eyni zamanda, Avropa İttifaqı ölkələrindən olan tələbə və ali təhsil müəssisələrinin əməkdaşlarının “Erasmus+” çərçivəsində Rusiyaya səfərləri də proqramdan çıxarılıb.
Məhdudiyyətlər yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır. Rusiyada yaşayan şəxslər artıq Avropa universitetlərində “Erasmus Mundus Joint Master” (EMJM) birgə magistratura proqramları üzrə təqaüd əldə edə bilməyəcəklər.
Bundan başqa, Rusiya idmançılarını öz milli bayraqları altında beynəlxalq yarışlara buraxan idman təşkilatları da “Erasmus+” proqramının idman layihələrində iştirak etmək imkanını itirəcəklər.
Qeyd edək ki, 30 ildən artıqdır fəaliyyət göstərən “Erasmus” Avropa İttifaqının ən böyük təhsil və tələbə mübadiləsi proqramlarından biridir. “Erasmus+” isə tələbə mübadiləsi ilə yanaşı, təhsil, elmi əməkdaşlıq, peşə hazırlığı və idman sahələrində müxtəlif layihələri də əhatə edir.
Məlumata görə, 2014–2021-ci illərdə Rusiyadan təxminən 13 min 200 tələbə və elmi işçi bu proqramın imkanlarından yararlanıb.
Xatırladaq ki, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra Avropa İttifaqı Moskvaya qarşı bir sıra məhdudiyyətlər tətbiq edib. Həmin tədbirlər çərçivəsində Aİ öz büdcəsindən Rusiya dövlət qurumlarına maliyyə ayrılmasını da dayandırıb.


























