image-1backend

Akademik İsa Həbibbəyli çinli alimlərlə görüşüb

image-reklam_sirab_01

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Çinin Hebei Etnik Araşdırmalar İnstitutunun rektoru professor Dai Jianbing, Pekin Universitetinin İncəsənət fakültəsinin dekanı professor Penq Feng və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun sədr müavini və baş katibi professor Zhou Jinfeng ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan-Çin münasibətlərindən danışıb, əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi, eləcə də Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq nəqliyyat marşrutları çərçivəsində sıx əməkdaşlıq edir və mühüm iqtisadi tərəfdaşdırlar.
Ölkələrimizin elmi-mədəni sahədə də sıx əməkdaşlıq əlaqələrinin olduğunu deyən AMEA prezidenti Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini, Mərkəzin koordinatoru Nərgiz Kərimova tərəfindən “Çin ədəbiyyatında arxetiplər” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasının yazıldığını, eləcə də institutda Çin dilinin tədris olunduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli çinli qonaqların təmsil etdikləri qurumlarla AMEA-nın əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə, həmçinin Çinin Hebei Etnik Araşdırmalar İnstitutunun rektoru professor Dai Jianbing, Pekin Universitetinin İncəsənət Fakültəsinin dekanı professor Penq Feng və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun sədr müavini və baş katibi professor Zhou Jinfeng çıxış edərək təmsil etdikləri qurumlar haqqında ətraflı məlumat verib, Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıblar.
Çinin Hebei Etnik Araşdırmalar İnstitutunun rektoru Dai Jianbing akademik İsa Həbibbəylini iyun ayında Çində keçiriləcək “Xəzər dənizindən Çinədək: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusunda beynəlxalq elmi konfransa dəvət edib.
Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub.
Akademik İsa Həbibbəyli qonaqlara Azərbaycanın tarixi, o cümlədən Şuşa şəhəri, Azərbaycan Milli Elmlər Akademiyası və Nizami Gəncəvi haqqında ingilis və rus dillərində yazılmış hədiyyə kitabları təqdim edib.
Çinli qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar.

image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki