image-reklam-veteninfo
image-2114_1762323428backend

Akademik Şahin Mustafayev: “AMEA milli elmi düşüncənin daşıyıcısı və varislik prinsipinin canlı təcəssümüdür”

image-reklam-veteninfo

 

AMEA-nın 80 illik yubileyi həm keçilən elmi yolun dəyərləndirilməsi, həm də gələcəyə yönəlik strateji baxış mərhələsidir. Bu mərhələ elmi ənənələrin qorunması ilə yanaşı, idarəetmə və tətbiq mexanizmlərinin yenilənməsini, elmin dövlət və cəmiyyət həyatında rolunun gücləndirilməsini zəruri edir.

Beynəxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev AMEA-nın Rəyasət Heyətində Akademiyanın 80 illik yubiley tədbirinin İkinci sessiyasında çıxışı zamanı belə deyib.

Alim bildirib ki, AMEA-nın 80 illik tarixi – Azərbaycan xalqının zəngin intellektual potensialını, elmi düşüncə mədəniyyətini və milli inkişaf strategiyasını özündə cəmləşdirən böyük bir elmi irsdir. Bu illər ərzində Akademiyanın fəaliyyəti elmin prioritet istiqamətlərində tədqiqatların aparılması, yüksəkixtisaslı kadrların yetişdirilməsi, mühüm layihələrin həyata keçirilməsi, elmi məktəblərin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi prinsipləri üzərində qurulmuşdur.

Akademiyanın inkişafının mənəvi və ideoloji təməlinin XIX əsrin sonu Azərbaycan maarifçiliyinə dayandığını söyləyən akademik Şahin Mustafayev Həsən bəy Zərdabinin elmə və maarifə çağırışı, Mirzə Fətəli Axundzadənin rasional düşüncə fəlsəfəsi və digər mütəfəkkirlərimizin milli mədəniyyət və elm birliyi haqqında ideyalarının milli elmi şüurun formalaşmasında mühüm rol oynadığını qeyd edib: “Bu mənada AMEA yalnız elmi təşkilat deyil – maarifçilik ideyalarının institutlaşmış davamı, milli elmi düşüncənin daşıyıcısı və varislik prinsipinin canlı təcəssümüdür”.

O, Azərbaycan elminin 70-ci illərdəki inkişafı dövründə elmi idarəetmə sisteminin təkmilləşdirilməsi, tədqiqat istiqamətlərinin genişləndirilməsi və elmi potensialın qorunmasının mühüm prioritetlərdən birinə çevrildiyini deyib. Bildirib ki, bu mərhələ elmin ölkənin sosial-iqtisadi və mədəni yüksəlişində aparıcı rol oynamasının əsasını qoymuşdur.

Akademik Şahin Mustafayev türk dövlətlərinin elmi qurumları arasında koordinasiya və əməkdaşlıq funksiyasını yerinə yetirən Beynəlxalq Türk Akademiyasının AMEA ilə münasibətlərinə də toxunub. Bu qurum tərəfindən həyata keçirilən beynəlxalq layihələrdə Akademiyanın institutları və aparıcı alimlərinin fəal iştirakını yüksək qiymətləndirib.

O, AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VIII Assambleyasının Türk dünyasında elmi əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı elmi əlaqələrin institusional əsasda dərinləşdirilməsi və ortaq elmi məkanın inkişafı baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Həm texniki, həm də humanitar elmlərin qarşısında müasir dövrün tələblərinə cavab verən mühüm vəzifələrin dayandığını söyləyən alim AMEA-nın bu prosesdə elmi fəaliyyətin istiqamətverici mərkəzi kimi çıxış edərək, ölkənin intellektual potensialının inkişafına mühüm töhfə verəcəyinə inamını ifadə edib.

Akademik Şahin Mustafayev nitqinin sonunda AMEA-nın 80 illik yubileyi münasibətilə Akademiyanın bütün üzvlərini, görkəmli alimləri və gənc tədqiqatçıları təbrik edib. Onların elmi tərəqqiyə verdiyi töhfələrin, Azərbaycanın və bütövlükdə Türk dünyasının gələcəyinə yönəlmiş dəyərli xidmətlərinin hər zaman yüksək qiymətə layiq olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki