Vətəninfo.az xəbər verir ki,BMT-nin xüsusi məruzəçisi Françeska Albanese İsrailin Qəzzada törətdiyi soyqırımın işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsə sıçrayacağı ilə bağlı xəbərdarlıq edib. Hollandiyada “Anadolu” agentliyinə müsahibə verən Albanese 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər İsrailin hücumlarının artdığını, 830 fələstinlinin öldürüldüyünü və 300-dən çox insanın saxlanıldığını qeyd edib. O, əsirlərin əksəriyyətinin işgəncələrə məruz qaldığını, zorlandığını və hətta həbsdə öldüyünü bildirib. Albanese qeyri-qanuni məskunlaşanlar tərəfindən həyata keçirilən zorakılığı pisləyib və dünyanı hərəkətə keçməyə çağırıb. “Bunun soyqırım olduğu qənaətinə gəlməsəniz belə, bunun əhəmiyyəti yoxdur. Soyqırımın qarşısının alınması öhdəliyi hələ də mövcuddur”, – deyə Françeska Albanese vurğulayıb.