Almaniyanın bir neçə şəhərində ənənəvi Milad yarmarkaları maliyyə çatışmazlığı, təşkilati problemlər və təhlükəsizlik tələbləri səbəbindən bu il keçirilməyəcək. Bəzi şəhərlərdə isə bayram proqramları ixtisar olunub.
Vətəninfo.az xəbər verir ki, bu barədə noyabrın 19-da Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Milad yarmarkalarının ləğvinin əsas səbəblərindən biri yerli bələdiyyələrin maliyyə vəziyyətinin pisləşməsidir.
Məsələn, Kirchheim bei München şəhərində biznes vergisindən əldə olunacaq gəlirin əvvəlcədən proqnozlaşdırılan 22 milyon avro əvəzinə təxminən 15 milyon avro təşkil edəcəyi gözlənilir. Büdcə kəsiri səbəbindən yerli hakimiyyət qənaət tədbirlərinə başlayıb və Milad yarmarkasının maliyyələşdirilməsindən imtina edib.
Qeşştat şəhərində isə tədbirin təşkili üçün ayrılan 15 min avroluq subsidiya yalnız sentyabrın sonunda təsdiqləndiyindən təşkilatçılar hazırlıqları vaxtında başa çatdıra bilməyiblər.
Hagen-Hohenlimburqda təşkilatçı tapılmadığı üçün Milad yarmarkası ləğv edilib. Hannoverdə isə “Şəhərin damları üzərində Milad” adlı bayram tədbiri keçirilməyəcək. Bununla belə, şəhərin mərkəzindəki digər Milad yarmarkaları fəaliyyət göstərəcək.
Paytaxt Berlində “Qış Arzusu” adlı sərgi uyğun məkan tapılmadığı üçün baş tutmayacaq. Hamburqun Duelsberq rayonunda isə qış tədbiri iştirakçı sayının və gəlirlərin azalması səbəbindən dayandırılıb.
Vinterhauzen və Trimburqda tikinti işləri və təhlükəsizlik tələbləri, Tannhauzendə isə quraqlıq və qabıq böcəklərinin yayılması nəticəsində çoxsaylı küknar ağaclarının kəsilməsi bayram tədbirlərinin ləğvinə səbəb olub.
Bununla yanaşı, bəzi şəhərlər Milad tədbirlərini tamamilə ləğv etmək əvəzinə, onların proqramını sadələşdirmək qərarına gəliblər.
Belə ki, Neu-Ulm şəhərində ənənəvi atəşfəşanlıq nümayişləri yerli orkestrlərin çıxışları ilə əvəz olunacaq. Taufkirchendə isə səhnə proqramı və böyük dekorativ qar kürəsinin quraşdırılması nəzərdə tutulmayıb.
Beləliklə, Almaniyada artan maliyyə və təşkilati çətinliklər ənənəvi Milad tədbirlərinin miqyasına da təsir göstərir.


























