Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti və sualtı arxeologiyası haqqında məruzələr dinlənilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan və Rusiya dövlət başçılarının 18-19 avqust 2024-cü il tarixlərində Bakıda keçirilən görüşü zamanı Prezident İlham Əliyevin Xəzər dənizinin ekoloji problemləri ilə bağlı narahat edən məsələləri diqqətə çatdırdığını bildirib.
Akademik İsa Həbibbəyli Azərbaycan Prezidentinin nitqindən irəli gələrək Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti haqqında məruzələrin Rəyasət Heyətinin iclasında müzakirə edilməsinin zəruri olduğunu deyib, tədbirdə Xəzərin səviyyə dəyişmələri və aparılan arxeoloji tədqiqatlara dair müzakirələrin aparıldığını diqqətə çatdırıb.
AMEA rəhbəri qeyd edib ki, təqdim olunan məruzələr Azərbaycan elminin Bakıda keçiriləcək nüfuzlu COP29 iqlim konfransına və dövlət başçısının 2024-cü ildə ölkəmizdə elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə növbəti elmi töhfəsidir.
Sonra iclasda AR ETN-nin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru professor Əmir Əliyev “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr” mövzusunda geniş məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, Xəzər dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişərək, dənizin orta illik səviyyəsi 1930-1977-ci illərdə 3,2 metr enib, 1978-1995-ci illərdə isə 2,5 metrə qədər yüksəlib. Qeyd edib ki, bu proses nəticəsində respublikanın təqribən 850 km uzunluqlu sahil xətti zonasında 50 min hektara qədər torpaq sahəsi subasmaya məruz qalıb.
Xəzər dənizinin səviyyəsinin 1996-2023-cü illərdə 2 metr endiyini deyən alim bu prosesin hazırda davam etdiyini, həmin müddətdə respublikamızın dənizsahili zonasında dəniz suları altından 38 min hektar torpaq sahəsinin səthə çıxdığını vurğulayıb.
“Xəzərətrafı 5 ölkə içərisində dənizin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən dövlət Azərbaycan Respublikasıdır. Hazırda Xəzərsahili ərazidə əhalinin yarıdan çoxu, sənaye potensialının isə 80 faizə qədəri yerləşir. Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin qalxması sahil zonasında yerləşən sənaye və kənd təsərrüfatı infrastrukturlarına xeyli ziyan vurmuşdur”, – deyə professor Əmir Əliyev diqqətə çatdırıb.
Alim, həmçinin qeyd edib ki, Xəzər dənizinin səviyyəsi hazırkı durumundan (- 28,5 mBS) 1.5 metr aşağı düşərsə, Xəzərin Nabran-Şabran sahil ərazisində, Abşeron yarımadası ərazisində, Cənub-Qərb ərazisində və Bakı buxtasında bir sıra geri çəkilmələr və digər mühüm ekoloji problemlər baş verə bilər.
Professor Əmir Əliyev çıxışında Xəzərin ekoloji problemləri ilə bağlı bir sıra təkliflərini də səsləndirib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, Rəyasət Heyəti tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Həmçinin məruzənin AMEA Rəyasət Heyətinin Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Məruzələr” jurnalında dərc edilməsi tövsiyə olunub.
Daha sonra Arxeologiya və Antropologiya İnstitutunun yeni yaradılmış Xəzər arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Abbas Seyidov “Xəzərin arxeologiyası: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, XX əsrin ikinci yarısında Azərbaycanda sualtı arxeoloji tədqiqatların aparılması işi təşkil olunub. AMEA Tarix Muzeyinin şöbə müdiri tarix elmləri doktoru Zelik Yampolski elmi məsləhətçi olmaqla, praktiki iş dalğıc Viktor Kvaçidzeyə həvalə olunub. 1986-cı il də daxil olmaqla – 19 il ərzində Viktor Kvaçidze Xəzər sahillərində və adalarda tədqiqat işləri apararaq, 4000-dən artıq maddi mədəniyyət qalığı aşkar edib. Tədqiqatlar Şüvəlan burnunda, Gürqan burnu ilə üzbəüz Abşeron yarımadasının şərq hissəsində, Bakı buxtası və Səbail sualtı istehkamında, Salyan rayonu ərazisində Kürün qədim kanalı və Bəndovan burnunda aparılıb. Sonra bu iş XX əsrin səksəninci illərində dayandırılıb.
Məruzədə vurğulanıb ki, son iki ildə AMEA-da aparılan struktur islahatlarına müvafiq olaraq, Xəzər dənizində sualtı tədqiqatların və sahilboyu ərazilərdə, digər su hövzələrində arxeoloji tədqiqat işlərinin aparılması üçün AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli qərarı ilə Arxeologiya və Antropologiya İnstitutunun strukturunda daxili imkanlar hesabına “Xəzər arxeologiyası” şöbəsi yaradılıb.
Müəllif qeyd edib ki, 27 avqust-12 sentyabr 2024-cü il tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası ekspedisiyası Abşeron yarımadasının Xəzər rayonu ərazisində yerləşən Zirə və Pirallahı istiqamətində, həmçinin orta əsrlərə aid Şəhri-Gürqanda arxeoloji kəşfiyyat işləri aparıb və tədqiqatlar zamanı XIX əsrə aid iki batmış gəminin qalıqları və XII-XIV əsrlərə aid saxsı məmulatlarıvə digər arxeoloji materiallar aşkarlanıb.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda və sahilboyu ərazilərində arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi, dəniz sahili zonalarda əvvəldən koordinatları məlum olan arxeoloji abidələrə dair yeni araşdırmalar aparmaq, aşkar olunacaq yeni abidələri qeydə almaq və tədqiq etmək, abidələrin koordinatlarını dəqiqləşdirmək, memarlıq quruluşunu öyrənmək, planını çıxarmaq və digər zəruri işləri icra etmək üçün Xəzər arxeologiyası şöbəsinin fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda qeyd olunub ki, Xəzər dənizində və sahil zolağında arxeoloji tədqiqatları daha səmərəli təşkil etmək məqsədi ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsi ilə əməkdaşlıq müqaviləsi hazırlamaq üçün razılıq əldə edilib.
Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti və sualtı arxeologiyası haqqında məruzələr ətrafında aparılan geniş müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri akademik Arif Həşimov, akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, həmçinin tarix elmləri doktoru Zemfira Hacıyeva, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək sual və təkliflərini səsləndiriblər.