image-1backend

AMEA ilə Honkonq Kore Akademiyası arasında anlaşma memorandumu imzalanıb

image-reklam_sirab_01

AMEA Rəyasət Heyətinin Azərbaycan Milli Elmlər Akademiyası və Çin Xalq Respublikasının Honkonq Kore Akademiyası arasında elmi əməkdaşlığa həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, eləcə də Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllərinin Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi dövlət səfəri ilə atıldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev də Azərbaycan-Çin əlaqələrinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir, Çin də öz növbəsində Azərbaycanın beynəlxalq nəqliyyat layihələrinə dəstək verir.
Bu gün Azərbaycanla Çin arasında elmi əlaqələrin də inkişaf etdiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini deyib. Akademiya rəhbəri hazırda AMEA ilə Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və Hebey Sosial Elmlər Akademiyasının “Xəzərdən Çin səddinədək” mövzusunda birgə elmi layihənin icra edildiyini, bu istiqamətdə ilk elmi konfransın cari ilin iyun ayında Çində keçirildiyini, növbəti beynəlxalq tədbirin isə 2025-ci ildə ölkəmizdə təşkil olunacağını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli, həmçinin Pekin Xarici Dillər Universitetində “Azərbaycan dili” ixtisasının tədris olunduğunu, AMEA-nın universiteti azərbaycandilli elmi-ədəbi, tarixi və digər əlavə ədəbiyyatla təmin etdiyini bildirib.
Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyası nəzdində də Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının əhəmiyyətini vurğulayıb. Akademik İsa Həbibbəyli, o cümlədən AMEA-nın Şərqşünaslıq, Fəlsəfə və Sosiologiya institutlarında da Çinə dair geniş elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb.
AMEA rəhbəri Honkonq Kore Akademiyasının alimlərinin ölkəmizə səfəri və bu gün imzalanacaq memorandumun Azərbaycan-Çin münasibətlərinin, eləcə də elmi-mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib.
Sonra çıxış edən Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei qonaqpərvərliyə görə akademik İsa Həbibbəyliyə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, üç gün ərzində Bakının bir çox tarixi məkanlarını, görməli yerlərini ziyarət edərək şəhərin gözəl və baxımlı olmasının şahidi olublar. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin Azərbaycan xalqı üçün nə qədər mühüm tarixi hadisə olduğunun şahidi olduqlarını vurğulayan Li Lei insanlardakı ruh yüksəkliyinin hər yerdə hiss edildiyini əlavə edib.
Dövlətlərarası münasibətlərin elm sahəsini də əhatə etdiyini bildirən çinli alim bu gün Kore Akademiyasının nümayəndə heyətinin Azərbaycan Milli Elmlər Akademiyasında olmasını ikitərəfli elmi əlaqələrin yeni mərhələyə qədəm qoymasının, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin əlaməti kimi qiymətləndirib.
Professor vurğulayıb ki, bu gün imzalanacaq memorandum ikitərəfli elmi əməkdaşlığın genişləndirilməsinə gətirib çıxacaq: “Biz bu gün Elmlər Akademiyasının müəssisələrini gəzərək orada yaradılan şəraitlə yaxından tanış olduq. Bir daha geniş əməkdaşlıq perspektivlərimizin mövcudluğunun şahidi olduq. Qarşılıqlı bilik və təcrübə mübadiləsi aparmaq üçün müştərək laboratoriya və ya mərkəz yaradılması barədə də düşünmək olar”.
Çinli professor Azərbaycanda təkcə humanitar və ictimai elmlər sahəsində deyil, bərpa olunan enerji, “yaşıl energetika” və digər sahələrdə həyata keçirilən tədbirlərə də öz töhfəsini verməyə hazır olduqlarını vurğulayıb.
Honkonq Kore Akademiyasının Baş katibliyinin icraçı müavini prof. Raymond J. Wu isə öz növbəsində Kore Akademiyası haqqında ətraflı məlumat verib. Akademiyada multidissiplinar tədqiqatların aparıldığını deyən professor ölkəmizə səfərin AMEA ilə Honkonq Kore Akademiyası arasında yeni əməkdaşlıq imkanları açdığını söyləyib.
Sonra AMEA ilə Honkonq Kore Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor Li Lei imzalayıblar. Memorandumda birgə elmi layihələrin, tədqiqat proqramlarının, konfransların, simpoziumların, seminarların, görüşlərin təşkili, elmi kadrların, nəşrlərin və əsərlərin mübadiləsi kimi müddəalar yer alıb.
Tədbirdə həmçinin akademik Dilqəm Tağıyevə Kore Akademiyasının həqiqi üzvlüyü diplomu və üzvlük nişanı təqdim edilib. Qeyd edək ki, Honkonq Kore Akademiyasının Rəyasət Heyətinin qərarı ilə bu elmi qurumun həqiqi üzvü seçilmiş akademik İsa Həbibbəyliyə isə həqiqi üzvlük diplomu və Akademiyanın üzvlük nişanı AMEA prezidentinin iyun ayında Çinə səfəri zamanı təqdim olunub.
Rəyasət Heyətinin iclasının sonunda akademik İsa Həbibbəyli Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə akademik Arif Həşimova AMEA-nın Fəxri fərmanını təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki