Amerikanın hərbi sənaye şirkəti Northrop Grumman və Kiyev nümayəndələri Ukrayna ərazisində orta çaplı döyüş sursatlarının birgə istehsalına dair saziş imzalayıblar. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Breaking Defence” nəşri şirkətin sözçüsünə istinadən məlumat yayıb.
“Birgə istehsal müqaviləsi çərçivəsində Northrop Grumman (Ukrayna şirkəti Ukroboronservis) Ukraynada təkmil orta çaplı döyüş sursatları istehsal edib sınaqdan keçirə bilməsi üçün konveyer xəttinin quraşdırılması üçün avadanlıq təmin edəcək və təlimlər keçirəcək”, – sözçü bildirib.
Nəşrin məlumatına görə, şirkətin əməkdaşları fiziki olaraq Ukraynada yerləşməyəcəklər, lakin “ABŞ ərazisindən uzaqdan işləyəcəklər”. Mənbənin əlavə etdiyi kimi, müəssisənin ukraynalı işçilərinin təlimi üçüncü ölkələrin ərazisində həyata keçiriləcək. Daha sonra planlara uyğun olaraq, lazımi biliklərə yiyələnmiş ukraynalı mütəxəssislər həmkarlarına təlim keçəcəklər. Nəşrin həmsöhbəti sursat istehsalının dəqiq nə vaxt başlayacağı ilə bağlı şərh verməkdən imtina edərək, yalnız tərəflərin “çox sürətlə işlədiyini” deyib.
Şirkətin beynəlxalq biznesin inkişafı üzrə rəhbəri Stiv O’Brayanın sözlərinə görə, Kiyev və Amerika şirkəti arasında saziş iyulun 10-da Vaşinqton səfirliyində, NATO sammiti çərçivəsində imzalanıb.
Fevral ayında isə Almaniyanın Rheinmetall müdafiə şirkəti Ukraynada hər il yüz minlərlə 155 millimetrlik sursat istehsal edəcək fabrik açacağını elan etdi.