Vətəninfo.az xəbər verir ki, Türkiyə Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) yaydığı məlumata görə, iyulun 18-də səhər saatlarında Ankaranın Kayaş rayonunda avadanlıq və kimyəvi maddələr istehsalı ilə məşğul olan fabrikdə (MKE) partlayış baş verib. Bu barədə Ermenihaber.am məlumat yayıb.
Partlayış nəticəsində başlayan yanğının meşəlik ərazilərə də çatdığı, yanğınsöndürənlərin hələ də söndürə bilmədiyi qeyd edilir.
Kiçik partlayışların hələ də davam etdiyi fabrikin kimyəvi blokunun partlayış nəticəsində zədələndiyi də bildirilir. Bu səbəbdən davam edən təhlükəsizlik əməliyyatlarına AFAD-ın kimyəvi və bioloji radiasiya və nüvə bölmələri də cəlb edilib.
Həmçinin hadisə yerində polis, xilasetmə və 112 çevik reaksiya xidməti qrupları işləyir.
Zavodda baş verən partlayışın səbəblərini öyrənmək üçün araşdırma aparılır. 4 qurban var.
Qeyd edək ki, partlayışla bağlı təhlükəsizlik məqsədilə zavodun bütün işçiləri və ətraf ərazilərdə yaşayan insanlar təxliyə edilib.


























