Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan dindirilib.
Trend xəbər verir ki, ötən gecə Araik Arutyunyan saxlanılaraq Bakıya gətirilib.
Onun vəkili təyin edilən Alov Səfərəliyev dindirilmədə iştirak edib.
“Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”, – deyə vəkil bildirib.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Sahakyan (2007-2020), “Daşnaksutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.