Türkiyənin müdafiə sənayesində aparıcı qurumlarından biri olan ASELSAN 2025-ci ilin ilk altı ayı ərzində ümumilikdə 1,3 milyard ABŞ dolları məbləğində birbaşa və dolayı ixrac müqaviləsi imzaladığını açıqlayıb. Şirkət ixracyönümlü inkişaf strategiyasını qətiyyətlə davam etdirdiyini vurğulayıb.
Yanvar-iyun dövründə ASELSAN-ın gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artaraq 53,7 milyard lirəyə (təxminən 1,32 milyard dollar) çatıb. Bu artımda hava hücumundan müdafiə, elektro-optik sistemlər, radarlar, avionika, elektron müharibə, təhlükəsizlik və silah sistemləri sahəsində davam edən təhvilatlar mühüm rol oynayıb.
Hesabat dövründə imzalanan yeni müqavilələrin ümumi dəyəri 2,8 milyard dollara çataraq ötən illə müqayisədə 10 faiz artım göstərib. Şirkətin ümumi sifariş portfeli isə 30 faiz artaraq 16 milyard dollara yüksəlib.
ASELSAN-ın faiz, vergi, amortizasiya və itfa xərcləri öncəsi qazancı (FAVÖK) ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 319,7 milyon dollara yüksəlib. FAVÖK marjası isə 25 faiz olub. Şirkətin sifariş-gəlir nisbəti 2 səviyyəsində qeydə alınıb və bu göstərici ilə ASELSAN sektor ortalamasını geridə qoyub.
2025-ci ilin ilk yarısında ASELSAN-ın elmi-tədqiqat və təkmilləşdirmə xərcləri ötən ilə nisbətən 42 faiz artaraq 572 milyon dollara çatıb. İnfrastruktur investisiyalarına yönəldilən vəsait isə ikiqat artımla 104 milyon dollar təşkil edib.
ASELSAN-ın baş icraçı direktoru Ahmet Akyol 2025-ci ilin ilk altı aylıq maliyyə nəticələrini dəyərləndirərkən bildirib ki, 2024-cü ildə başlatılan “ASELSAN NEXT” proqramı sayəsində şirkət güclü maliyyə dinamikası əldə edib.
A.Akyol vurğulayıb ki, bu uğurda üç əsas amil ön plana çıxır: yüksək texnologiyalı məhsullara yönələrək sürətli istehsal dövrü, səmərəliliyin artırılması və məhsulların milliləşdirilməsi.
O, həmçinin bildirib ki, ASELSAN-ın bazar dəyəri 21 milyard dolları keçib. Bu göstərici, investorların şirkətə olan inamını və uzunmüddətli inkişaf perspektivinə olan etimadını əks etdirir.
“İlin ikinci yarısında da eyni qətiyyətlə irəliləyəcəyik. Elmi-tədqiqat və investisiya sahələrindəki fəaliyyətimizi ardıcıl şəkildə genişləndirəcəyik. Xüsusilə hava hücumundan müdafiə, radar sistemləri, smart-sursatlar, idarəetmə texnologiyaları və elektro-optik sahələrdə kütləvi istehsal potensialımızı yüksəltməyi planlaşdırırıq. İxracyönümlü inkişaf strategiyamız çərçivəsində yeni bazarlara çıxmağı hədəfləyirik”, – deyə A.Akyol vurğulayıb.