ərərli maddələrdən asılılıq yalnız fərdin fiziki və psixoloji sağlamlığına təsir edən problem deyil, eyni zamanda ailədaxili münasibətlərə, emosional bağlılığa, valideyn-övlad ünsiyyətinə və ailənin ümumi psixoloji mühitinə ciddi təsir göstərən mürəkkəb psixososial prosesdir.
Bu barədə antinarkomaniya üzrə müstəqil ekspert Gülnar Nəsibli saytımıza məlumat verib. Asılılıqla mübarizədə yalnız asılı şəxsin deyil, onun ailə üzvlərinin də maarifləndirilməsi və psixoloji dəstəklə əhatə olunması mühüm əhəmiyyət daşıyır.
Asılılıq problemi ilə üzləşən ailələrdə qorxu, günahkarlıq, utanc, problemin inkar edilməsi, həddindən artıq nəzarət, emosional gərginlik və psixoloji tükənmə kimi hallar müşahidə oluna bilər. Bəzən övladını qorumağa çalışan valideynlər fərqində olmadan problemin davam etməsinə şərait yaradan davranış modellərinə yol verirlər.
Psixoloji yanaşmada bu davranışların bir qismi asılılığı dolayı yolla dəstəkləyən davranışlar – enabling behaviors kimi xarakterizə olunur. Buraya övladın məsuliyyətini daim öz üzərinə götürmək, onun səhvlərini gizlətmək, borclarını ödəmək, problemin mövcudluğunu inkar etmək, həddindən artıq nəzarət və sağlam şəxsi sərhədlərin müəyyən edilməməsi daxildir.
Xüsusilə qeyd edilməlidir ki, bu davranışlar valideynlərin asılılığın yaranmasında günahkar olması demək deyil. Əksər hallarda onlar övladlarını qorumaq, itirmək qorxusu və çarəsizlik hissi ilə hərəkət edirlər. Lakin düzgün istiqamətləndirilməyən bu müdafiə davranışları ailədaxili münasibətlərə və sağalma prosesinə mənfi təsir göstərə bilər.
AİLƏ TERAPİYASI VƏ PSİXOLOJİ DƏSTƏK VACİB AMİLDİR
Asılılıqdan sağalma prosesində ailə terapiyası və ailə üzvlərinin psixososial dəstəklə təmin olunması mühüm istiqamətlərdən biridir.
Ailə terapiyasının əsas məqsədi ailədə günahkar axtarmaq deyil, mövcud problemləri anlamaq, sağlam ünsiyyət formalaşdırmaq, qarşılıqlı etimadı gücləndirmək və ailə üzvlərinə düzgün davranış strategiyaları qazandırmaqdır.
Bu istiqamətdə aşağıdakı məsələlər xüsusi əhəmiyyət daşıyır:
* Ailə üzvlərinin asılılıq və onun fəsadları barədə məlumatlandırılması;
* Valideynlərdə günahkarlıq, qorxu və emosional tükənmə hisslərinin aradan qaldırılmasına dəstək;
* Həddindən artıq himayəçilik və yanlış müdafiə davranışlarının müəyyən edilməsi;
* Sağlam şəxsi sərhədlərin formalaşdırılması;
* Ailə daxilində etimad və qarşılıqlı dəstəyin gücləndirilməsi;
* Asılı şəxsin müalicə və reabilitasiya prosesinə ailənin düzgün cəlb olunması.
Valideynlər və digər ailə üzvləri üçün təşkil olunan psixoloji dəstək və qrup görüşləri onların yaşadıqları çətinlikləri bölüşməsinə, təcrübə mübadiləsi aparmasına və peşəkar mütəxəssislərdən dəstək almasına imkan yaradır.
AİLƏ DƏSTƏYİ SAĞALMA PROSESİNİN MÜHÜM HİSSƏSİDİR
Unutmaq olmaz ki, asılılıqdan sağalma yalnız zərərli maddə istifadəsinin dayandırılması ilə məhdudlaşmır. Bu proses insanın psixoloji, sosial və ailə münasibətlərinin də bərpasını əhatə edir.
Valideynin övladına dəstək olması onun bütün məsuliyyətini öz üzərinə götürməsi demək deyil. Eyni zamanda, öz psixoloji sağlamlığını qorumaq da valideyn üçün zəruridir.
Gülnar Nəsibli hesab edir ki, narkomaniya ilə mübarizədə ailələrin maarifləndirilməsi, psixoloji dəstək xidmətlərinin təşviqi və sağlam ailə münasibətlərinin formalaşdırılması profilaktik işin vacib istiqamətlərindəndir.
O, bu sahədə maarifləndirmə, psixososial dəstək və sağlam həyat tərzinin təbliği istiqamətində fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayır.
Əsas mesajımız budur: “Asılılıqla mübarizə ailəni günahlandırmaqla deyil, ailəni maarifləndirmək, dəstəkləmək və düzgün istiqamətləndirməklə mümkündür. Ailəyə dəstək olmaq – sağalmağa dəstək olmaqdır”.


























