Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təsdiqləyiblər. Yeni qərara əsasən, daha 145 fiziki və hüquqi şəxs sanksiya siyahısına daxil edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlərə açıqlamasında məlumat verib.
“145 şəxs və təşkilata qarşı sanksiyalar indicə təsdiqləndi”, – deyə nazir bildirib.
Yeni məhdudiyyətlərin əsas hədəfləri Rusiyanın maliyyə sistemi, neft ixracına yardım edən “kölgə donanması”, eləcə də dezinformasiya kampaniyalarında iştirak etdiyi bildirilən fiziki və hüquqi şəxslərdir.
Sanksiya siyahısına Rusiyanın onlayn ticarət platforması “Wildberries”in rəhbəri Tatyana Kim və Sankt-Peterburq neft terminalı da daxil edilib.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar Moskva üzərində iqtisadi və siyasi təzyiqləri davam etdirir. Yeni sanksiyalar Rusiyanın maliyyə və enerji sektorlarına, eləcə də müharibə ilə əlaqəli fəaliyyətlərə qarşı məhdudiyyətlərin genişləndirilməsini nəzərdə tutur.


























