Avropa Komissiyası bu həftə Rusiya Federasiyasına qarşı 19-cu sanksiyalar paketini təqdim etməyə hazırlaşır. Vətəninfo.az xəbər verir ki, bu barədə Sky News adı açıqlanmayan Avropa diplomatlarına istinadla məlumat yayıb.
Bildirilir ki, yeni sanksiyalar paketi sentyabrın 12-dək, yəni cümə gününə qədər elan oluna bilər. Yeni məhdudiyyətlər siyahısına iki Mərkəzi Asiya ölkəsinin banklarının da daxil ediləcəyi gözlənilir.
Jurnalistlər xatırladır ki, bundan əvvəlki – 18-ci sanksiyalar paketinə iki Çin bankı və Hindistanın ən iri neft emalı zavodu “Nayara” qarşı sanksiyalar daxil edilmişdi.
Sky News qeyd edir ki, Aİ-nin sanksiyalar üzrə elçisi anti-Rusiya məhdudiyyətləri ilə bağlı danışıqlar aparmaq məqsədilə bir qrup ekspertlə birlikdə bu yaxınlarda Vaşinqtonda olub. Məqsəd sanksiyaların daha effektiv şəkildə əlaqələndirilməsi və ABŞ-la koordinasiyalı tətbiqidir.
Bu məlumatı Bloomberg də təsdiqləyib. Agentliyin yazdığına görə, növbəti sanksiyalar paketində Rusiya banklarına və enerji şirkətlərinə qarşı yeni məhdudiyyətlərin tətbiqi planlaşdırılır.
Avropa İttifaqı bəzi sanksiyaların ABŞ-la birgə tətbiqini nəzərdə tutur.
Bu arada ABŞ Prezidenti Donald Tramp, Rusiyaya qarşı sanksiyaların “ikinci mərhələsinə” keçməyə hazır olduqlarını bəyan edib.
ABŞ-ın energetika naziri Chris Wright isə Avropa İttifaqını daha sərt mövqe nümayiş etdirməyə çağırıb. O bildirib ki, Aİ Rusiyaya qarşı Vaşinqtonun sərt sanksiyalarını dəstəkləmək istəyirsə, Rusiya qazı və neftindən tamamilə imtina etməlidir.