Avropa Komissiyası 2027-ci ildə Ukraynaya 45 milyard avroyadək əlavə maliyyə dəstəyi göstərilməsini nəzərdə tutan qanunvericilik təkliflərini qəbul edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təklif olunan maliyyə yardımı Ukraynanın 2027-ci il üçün proqnozlaşdırılan 70 milyard avroluq maliyyə çatışmazlığının aradan qaldırılmasına kömək edəcək.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, ayrılması nəzərdə tutulan vəsaitin 20 milyard avrosu Ukraynanın dövlət büdcəsinin maliyyələşdirilməsinə, 25 milyard avrosu isə hərbi ehtiyaclarına yönəldiləcək.
Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya dəstəyi davam etdirəcək və Rusiyaya təzyiqi artırmaq siyasətini qoruyacaq.
Təklifə əsasən, 45 milyard avroluq yardım kredit formasında təqdim olunacaq. Ukraynanın əsas borcu yalnız Rusiya müharibə nəticəsində ölkəyə vurduğu zərəri kompensasiya etdikdən sonra qaytarması nəzərdə tutulur.
Avropa Komissiyasının təşəbbüsü Ukraynanın 2027-ci il üzrə büdcə və müdafiə ehtiyaclarının qarşılanmasına yönəlib. Təklifin qüvvəyə minməsi üçün müvafiq Avropa İttifaqı institutlarında qanunvericilik prosedurlarının tamamlanması tələb olunur.


























