Avropa liderləri ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni tez bir zamanda bitirmək təşəbbüsünü yüksək qiymətləndirsələr də, bu ssenarinin real olduğuna şübhə ilə yanaşırlar. Bu barədə The New York Times yazır.
Nəşrin məlumatına görə, Trampın “sürətli sülh” planının reallaşmayacağı ehtimalı gücləndikcə, Avropa liderləri onu öz tərəflərində saxlamaq üçün diplomatik strategiyaya keçiblər. Hazırda Avropanın əsas məqsədi Trampı inandırmaqdır ki, danışıqlar prosesini ləngidən tərəf Vladimir Putindir.
Bu məqsədlə 4 sentyabr tarixində “İstəkli ölkələr koalisiyası”nın toplantısı keçirilib. Avropa liderləri bu görüş vasitəsilə Trampa göstərməyə çalışıblar ki, Rusiya sülh istəmir və bu səbəbdən ABŞ-dan əlavə dəstək və yeni sanksiyalar gözlənilməlidir.
Jurnalistlərin yazdığına görə, ABŞ rəsmiləri Rusiyanın müəyyən kompromislərə meylli olduğunu bildirsələr də, əməldə Moskvanın danışıqlara yaxın olmadığını göstərən çoxsaylı əlamətlər var. Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa görüşə getməkdən imtina edir.
“Avropa liderləri heç vaxt Putinin Zelenski ilə görüşəcəyinə inanmırdılar. Putin hələ də Ukraynanı müstəqil dövlət kimi tanımır. Məhz bu faktı Trampa göstərərək, Avropa onun Ukraynaya dəstəyini saxlamaq və Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etdirmək istəyir”, – The New York Times yazır.
Analitiklərin fikrincə, sülh danışıqlarından əvvəl Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri Avropa üçün mühüm alətə çevrilib. Bu zəmanətlər Zelenskinin müharibəni bitirmək üçün siyasi cəhətdən çətin qərarlar – o cümlədən işğal olunmuş ərazilərlə bağlı güzəştlər – verməsini asanlaşdıra bilər.
“Ukraynanın bu müharibəyə son qoyması üçün, yaxın illərdə yeni müharibənin başlamayacağına əmin olması vacibdir. Bu isə yalnız güclü və aydın zəmanətlərlə mümkündür”.
Lakin o da əlavə edib ki, hazırkı səylərin “95 faizi Trampın razı salınması və onu danışıqlar masasında saxlamaq” məqsədinə xidmət edir.
Avropa bir tərəfdən Ukraynanı qorumağa çalışır, digər tərəfdən isə ABŞ-ın liderliyi olmadan Rusiyanın qarşısını almağın mümkünsüz olduğunu anlayaraq, Donald Trampın diqqətini saxlamaq üçün siyasi oyun aparır.