image-1676710081_8backend

Avstriyanı qorumağa çalışan faşist – Dolfus faşist Mussoliniyə güvənərək faşist Hitlerə dirəşib

image-reklam_sirab_01
1933-cü ildən başlayaraq Avstriyanın siyasi rejimində nasizm cərəyanının əsas yer tutması Engelbert Dolfusun adı ilə bağlıdır. Buna baxmayaraq, Dolfus nasizmin daha geniş vüsət aldığı Almaniya ilə dostluq və həmrəylik münasibətləri yaratmaqdan imtina edib. O, daha çox faşist İtaliyası, onun lideri Benito Mussolini ilə əməkdaşlığa can atıb.

Sözsüz ki, Avstriyanın federal kansleri Dolfusun xarici siyasətdəki bu cür mövqeyi səbəbsiz olmayıb. O, Adolf Hitlerin Avstriyanı Almaniyaya birləşdirmək (anşlyus) planının qəti əleyhinə çıxıb. Dolfus Avstriyanın müstəqilliyini saxlamaq üçün bütün gücünü səfərbər edib, bu məsələdə Mussolini də ona dəstək olacağına söz verib. Elə 1934-1938-ci illərdə iki faşist liderin, Hitlerlə Mussolininin arasında yaranan soyuq münasibətlərin əsas səbəbi də Avstriya olub. Sonda isə Hitler Avstriyanı Almaniyanın tərkibinə daxil edə bilib, Mussolini isə Avstriyanı dəstəkləyəcəyi vədinə əməl etməyib və bütün bu hadisələr Dolfusun həyatına son qoyub…
75902c0ee075cb64d23a4914a4125974.jpg (183 KB)
Engelbert Dolfus 1892-ci ildə Avstriyanın Teksinge kommunasında anadan olub. Vyana Universitetinin hüquq fakültəsini bitirdikdən sonra o, ilk əmək fəaliyyətinə Avstriyanın Fermerlər İttifaqında katib kimi başlayıb.
I dünya müharibəsi başlananda Dolfus könüllü olaraq hərbi xidmətə yollanıb. Birinci dəfə onun hərbi çağırış məntəqəsinə müraciətinə müsbət cavab verilməyib. Boyunun 148 santimetr olmasına görə onu hərbi xidmətə yararsız sayıblar. Elə bu səbəbdən də sonralar onu “balaca fürer” adlandırıblar. İkinci müraciətində Dolfus özünü hərbi xidmətə sala bilib. O, müharibə illərində könüllü döyüşçü kimi İtaliya ordusunda xidmət edib. Artıq 1916-cı ildə gələcəyin kansleri leytenant rütbəsini daşıyıb.
Müharibədən sonra Dolfus fəaliyyətini Avstriyanın dəmiryol şəbəkəsində davam etdirib və 1931-ci ildə bu nəqliyyat şəbəkəsinin baş direktoru vəzifəsini tutub. Az sonra isə o, Avstriyanın kənd təssərrüfatı naziri təyin edilib.
Engelbert_Dollfuss.png (230 KB)
Dolfus çevik siyasi manevrləri, kütlələr qarşısında inandırıcı çıxışları, Avstriyanın gələcəyi ilə bağlı planları ilə həm sıravi vətəndaşlar, həm də siyasi elita arasında böyük nüfuz qazanıb. Məhz bu nüfuz sayəsində o, 13 may 1932-ci ildə Avstriyanın federal kansleri seçilib. Dolfus eyni zamanda Avstriyanın xarici işlər naziri vəzifəsini də daşıyıb.
1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlməsindən sonra Hitlerin Avstriyanı Almaniyaya birləşdirməsi planı Dolfusu ciddi şəkildə narahat edib. Dolfusun fəaliyyətinin bir istaqəməti bu planın reallaşmamasına yönəlib.
Artıq 1933-cü ilin əvvəllərində Dolfus Avstriyada nasist partiyasının fəaliyyətinə qadağa qoyub. Bununla yanaşı ölkədə avtoritar rejim yaradan kansler sol partiyaların fəaliyyətini də bütövlükdə dayandırıb. Onun müttəfiqi və həm də dostluq münasibətində olduğu Mussolini Dolfusun ölkə konstitusiyasına zidd olan bu addımlarını “yüksək” qiymətləndirib. Mussolini Dolfusu “avstrofaşizm”in müəllifi kimi dəyərləndirib.
666666.JPG (77 KB)
1929-1933-cü illərdə dünya iqtisadiyyatındakı böhran Avstriyadan da yan keçməyib. Xüsusilə ölkənin əyalətlərində əhalinin acınacaqlı və dözülməz vəziyyətə düşməsi böyük narazılıqlara səbəb olub ki, bu da geniş miqyaslı üsyana çevrilib. Lints şəhərindən başlayan üsyan dalğaları Vyanaya da çatıb. Bu məsələdə Almaniyanın xüsusi rolu olub. Dolfus hakimiyyətini saxlamaq üçün hərbi müdaxilə yolunu seçib. 12 fevral 1934-cü ildə hökumət qoşunları silahlarını üsyançılara tərəf çevirib. Qarşıdurma zamanı mindən artıq insan həlak olub.
Üsyan variantı nəticə vermədikdən sonra Almaniyadan dəstək alan Avstriyadakı nasistlər terror aktlarına əl atıblar. Mütəmadi olaraq elektrik stansiyalarında, nəqliyyat qovşaqlarında, inzibati binalarda partlayılar baş verib. Həmçinin Dolfusa yaxın olanlara qarşı qətl hadisləri də bir-birini əvəz edib.
Nəhayət, növbə Dolfusun özünə də çatıb. Kanslerin fiziki cəhətdən məhv edilməsi planı Berlində hazırlanıb.
4744960_384.jpg (51 KB)
25 iyul 1934-cü ildə “SS”-in 150-yə yaxın əməkdaşı Avstriya ordusunun hərbi formasında Dolfusun iqamətgahına hücum edib. Dolfus iqamətgahdan qaçmağa cəhd edəndə atışma zamanı güllə onun boğaz nahiyəsinə dəyib. Atəş “SS” dəstəsinin komandiri Otto Planetta tərəfindən açılıb. İçəri heç kim buraxılmadığından kanslerə tibbi yardım göstərmək mümkün olmayıb. Yaralı vəziyyətdə olan Dolfusdan hakimiyyəti könüllü olaraq nasistlərin Avstriyadakı ən çox inandıqları siyasətçi Anton Rintelenə verilməsini tələb ediblər və vəzifəsindən könüllü gedəcəyi halda onu sağ buraxacaqlarını da vəd ediblər. Dolfus bu tələbdən qəti imtina edib. Bundan sonra Almaniya faşistləri Avstriya faşistini divanın üstünə uzadaraq onun qanaxmadan necə öldüyünü “maraqla” seyr ediblər. Bununla da 41 yaşlı kansler Dolfusun həyatına son qoyulub.
Engelbert_Dollfuss.jpg (130 KB)
Dolfusdan sonra hakimiyyətə onun müavini Kurt Şuşniq gəlib. O da Avstriyanın Almaniyaya birləşdirilməsinə qarşı çıxıb. Bir müddət Avstriyanın müstəqil qalması üçün Mussolini öz dəstəyini əsirgəməyib. Hətta o, bu məqsədlə sərhədə dörd diviziya da yerləşdirib.
1938-ci ilə qədər anşlyus baş tutmayıb. Amma sonda dünya ağalığına iddia edən Hitler Avstriya ilə bağlı öz planının gerçəkləşdirə bilib. 12-13 mart 1938-ci ildə Avstriya 3-cü Reyxin tabeliyinə keçib. Bu “birləşmə”nin ömrü uzun çəkməyib. 1945-ci ilin aprelində SSRİ və müttəfiqləri Avstriyaya daxil olduqdan sonra ölkənin müstəqilliyi qismən bərpa edilib. 15 may 1955-ci ildə isə Avstriyanın müstəqilliyi haqqında bəyannamə qəbul edilib. /Musavat.com/

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki