image-reklam-veteninfo
image-1backend

Ayda 16 AZN ödəyəcəksiniz -YENİ QANUN

image-reklam-veteninfo

Qanuna edilən dəyişikliklərə əsasən, heç bir yerdə işləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən yararlanmaq üçün ödəniş etməli olacaqlar.

İndiyədək bu kateqoriyaya aid şəxslər tibbi sığorta xidmətlərindən dövlət vəsaiti hesabına faydalanırdılar. Lakin yeni qaydaya görə, onlar illik olaraq minimum əməkhaqqının 48 faizi həcmində sığorta haqqı ödəməli olacaqlar.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik həm sosial ədalət, həm də maliyyə davamlılığı baxımından əsaslandırılsa da, praktiki baxımdan suallar doğurur:

“Hazırda minimum əməkhaqqı 400 manatdır. Əgər 48%-i ödəniş kimi nəzərdə tutulursa, bu, təxminən 192 manat illik və ya ayda 16 manat deməkdir. Məbləğ nominal olaraq yüksək görünməsə də, işsiz, qeyri-rəsmi gəlirli və ya aztəminatlı təbəqə üçün bu xərclə müntəzəm şəkildə hesablaşmaq çətin ola bilər”.

Ekspert qeyd edib ki, Azərbaycanda rəsmi işsizlərin sayı təxminən 50-60 min nəfər olsa da, qeyri-rəsmi işləməyənlərin sayı bir neçə yüz min nəfərə çata bilər:

“Bu qrupun əhəmiyyətli hissəsi gündəlik və ya mövsümi gəlirlərlə dolanır. Əgər bu insanlar sığorta haqqını ödəməsələr, tibbi xidmətlərdən məhrum qalmaq və ya xidmətləri yalnız ödənişli əsasla almaq riski yaranacaq. Belə vəziyyətdə iki ehtimal önə çıxır. Əvvəla, dövlət tərəfindən subsidiyalaşdırma mexanizmləri tətbiq oluna bilər, məsələn, aztəminatlı ailələr üçün sığorta haqqının dövlət tərəfindən ödənilməsi. Əks halda, əhali arasında sığortadan yayınma və qeyri-rəsmi tibbi xidmətlərə üz tutma halları arta bilər ki, bu da sistemin effektivliyini azaldar”.

Akif Nəsirli vurğulayıb ki, qərarın sosial təsiri onun praktiki icra mexanizmlərindən və güzəştli kateqoriyaların müəyyənləşdirilməsindən çox asılı olacaq:

“Yəni, sistemin uğuru yalnız qanunla deyil, həm də tətbiq mexanizmlərinin necə işləməsindən, aztəminatlı və işsizlərin bu prosesdə necə qorunacağından asılıdır. Əks halda, əhali icbari tibbi sığortaya etibar etməyə bilər və qeyri-rəsmi xidmətlərə yönələ bilər ki, bu da sistemin effektivliyini zəiflədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki