İranın dini lideri Ayətullah Əli Xamenei iddia edib ki, İsrailin Qəzzaya hücumları davam edərsə, Livan Hizbullahı da daxil olmaqla “müqavimət qüvvələri” adlanan qruplar hərəkətə keçəcək.
Vətəninfo.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Əli Xamenei paytaxt Tehranda keçirilən yığıncaqda çıxış edib.
Xamenei çıxışının bir hissəsində İsrailin Qəzzaya hücumlarına toxunaraq, “İsrailin Qəzzaya hücumları davam edərsə, Livan Hizbullahı da daxil olmaqla müqavimət qüvvələri deyilən qrupları heç kim dayandıra bilməyəcək.
İsrail dünyanın gözü qarşısında Qəzzada fələstinlilərə qarşı soyqırım törədir. Bəzi xarici rəsmilər deyirlər ki, fələstinlilər niyə dinc insanları öldürürlər. Köçkünlərin yaşayış məntəqələrində yaşayanlar mülki deyil. Onların hamısı silahlıdır”.
Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.
İsrailin Qəzzaya hücumları davam edərkən, oktyabrın 8-dən Livanın cənubunda Hizbullah ilə İsrail ordusu arasında qarşılıqlı toqquşmalar gedir. İndiyədək nəzarət altında olan qarşıdurmalarda 3 İsrail əsgəri, 3 mülki vətəndaş, 4 Hizbullah silahlısı və 2 Fələstin İslami Cihad Hərəkatının üzvü həyatını itirib.
İran Livan Hizbullahı, Suriyadakı milisləri, İraqda dəstəklədiyi silahlı qrupları və Yəməndəki husiləri “müqavimət qüvvələri” adlandırır.


























