image-img-20220215-wa0025backend

Azad edilən ərazilərdə görülən işlər keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirir

image-reklam_sirab_01

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşməndən azad edilmiş Ağdam rayonuna sayca üçüncü səfəri baş tutmuşdur. Birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi səfər zamanı bir sıra sosial və digər obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Belə ki, «Ağdam-1» və «Ağdam-2» elektrik yarımstansiyalarının, «Qarabağ» Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, «Park Forest Otel Ağdam» mehmanaxanasının və yeni yaşayış kompleksinin, Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlləri qoyulub. Həmçinin səfər çərçivəsində dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar.
Erməni barbarları tərəfindən darmadağın edilmiş şəhərlərin və kəndlərin daha müasir və daha gözəl şəkildə yenidən qurulması, yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi, kommunikasiyaların bərpası istiqamətində qısa müddətdə görülmüş işlər bir daha onu göstərir ki, dövlətimiz bunun üçün siyasi iradə ortaya qoyub, bütün maliyyə və texniki imkanlarımız, kadr potensialımız səfərbər edilib. Prezident İlham Əliyev çıxışında bir məqamı xüsusi vurğuladı ki, görülən işlər dayanıqlı iqtisadi gücə malik Azərbaycanın öz maliyyə imkanları hesabına reallaşdırılır.
Prezidentimizin Ağdamda, Şuşada və digər işğaldan azad edilmiş rayon və şəhərlərimizdə, kəndlərimizdə bünövrəsini qoyduğu yaşayış evləri, məktəblər, xəstəxanalar, sənaye parkları və müəssisələr həm də onminlərlə keçmiş məcburi köçkünün tezliklə öz doğma yurduna əbədi qayıtmaq inamlarının təməlidir. Qısa müddət ərzində planlı şəkildə görülmüş bütün bu işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq, həmin rayonların sakinləri yenidən doğma yurdlarında evlə, işlə, yaşayış üçün lazım olan hər şeylə təmin olunacaqlar. Dövlət başçımızın işğaldan azad edilmiş torpaqlarımıza mütəmadi səfərləri, dağıdılmış dini-tarixi abidələr qarşısında çıxış etməsi, eyni zamanda, erməni barbarlığının, faşizminin növbəti dəfə bütün dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev Ağdam səfəri zamanı çıxışında görülən işlərin revanşizm xülyaları ilə yaşayan ermənilərə cavab olduğunu da vurğuladı: “Əminəm ki, bizim bu gün gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq.”

Həcər Verdiyeva – AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki