27–30 may tarixlərində İstanbulda keçirilən “Gastro Lezzet Sokağı 2025” beynəlxalq kulinariya festivalında Azərbaycan nümayəndə heyəti uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edib.
Tədbir Tüm Aşçılar və Pastacılar Konfederasiyası (TAŞPAKON) və Dünya İslami Şeflər Birliyi (WICS) tərəfindən təşkil olunub. Festivalda Azərbaycanla yanaşı, daha 7 ölkənin komandaları iştirak edib.
Azərbaycan heyətinə “Peşəkar Qənnadçılar” İctimai Birliyinin sədri Eynur Nağdəliyev, müxtəlif qurumların nümayəndələri və peşəkar kulinarlar daxil idi. Komanda həm “Qara qutu”, həm də milli yeməklərin təqdimatı üzrə yarışlarda 22 qızıl, 21 gümüş və 6 bürünc medal qazanaraq festivalın ən uğurlu iştirakçılarından biri olub.
Xüsusilə Naxçıvan Dövlət Universitetinin komandası iki kubokla təltif olunub, Azərbaycan nümayəndələri isə — Royal Bəxışov, Eynur Nağdəliyev, Xəqani Məmmədov və Amid Mirzəyev — münsiflər heyətində də təmsil olunublar.
Festival çərçivəsində Naxçıvandan olan gənc istedad Sevgi Abdullazadənin əl işləri də sərgilənib, Qərbi Azərbaycan mətbəxinə məxsus şirniyyatlar və yeməklər isə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda Azərbaycan heyəti təşkilatçılara və iştirakçılara minnətdarlıq əlaməti olaraq xüsusi təşəkkür plaketləri təqdim edib.
Bu cür beynəlxalq tədbirlər ölkəmizin zəngin mətbəx irsinin və kulinariya mədəniyyətinin dünyada tanıdılması, eləcə də peşəkar təcrübə mübadiləsinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.


























