image-reklam-veteninfo
image-1backend

Azərbaycan idmançıları qalib gəlmiş xalqın təmsilçiləridir

image-reklam-veteninfo

Son illərdə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar qazanaraq ölkəmizin beynəlxalq imicini daha da yüksəldiblər. Növbəti uğur iyunun 1-də başa çatmış ilk dəfə olaraq Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında əldə edilib. Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatının finalında Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib və gərgin keçən oyun komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, ölkəmizin milli komandası ilk dəfə olaraq dünya çempionu olub.

Bu uğuru xüsusi qeyd edən Prezident İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini, məşqiçiləri və federasiya rəhbərliyini qəbul edərkən Azərbaycan idmanının inkişafından, əldə etdiyimiz uğurlardan bəhs edib. Dövlətimiz başçısı deyib ki, “Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var”.

Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir. Ulu öndər Heydər Əliyev gənclərimizə milli ruhda tərbiyə olunmağa, milli-mənəvi dəyərlərimizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi qorumağı tövsiyə edirdi. Son 22 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub.

“Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”, – deyə dövlət başçısı əlavə edib.

Görüşdə ölkə başçısı əmin olduğunu bildirib ki, bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb – Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər – bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək.

Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Yığma komandası müxtəlif inkişaf mərhələləri keçib və artıq böyük qələbəyə imza atıb. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Ancaq bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. “Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz. Gələcəkdə çoxlu yarışlar var. Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır”, deyə cənab Prezident bildirib.

Rafiq Hacıyev – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli idman ustası,

“Azərbaycan Respublikasının Əməkdar məşqçisi”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki