image-1backend

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

image-reklam_sirab_01

Düz dörd il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənistan Azərbaycanın Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının ərazisindən Avropaya narkotiklər daşınan narkotrafik marşurutu kimi istifadə edirdi.
Azərbaycan öz ərazilərinin 20%-ni işğaldan azad etməklə həm də beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan ağ ölümlə mübarizəyə töhfə vermiş oldu. Müəyyən olunmuş faktlar və sərhədçilərin hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə saxladıqları heroinin həcminin 2 dəfə artması bu məsələni sübut edib. Həm də ermənilər işğal etdikləri Qarabağ torpaqlarımızda uzun illər narkotiklərin becərilməsi ilə məşğul olublar. Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri idi.
30 il ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız Ermənistanın nəzarətində olması bu ərazilərdən həm də terroristlərin hazırlanması üçün bir baza kimi istifadə olunmasına yol açıb. Təbii ki, narkotik ticarəti və beynəlxalq terrorizm qlobal bəladır. Erməni terror təşkilatları özlərinin törətdikləri vəhşilkləri və qırğınları ilə dünya tarixinə düşüb. Həm də erməni teror təşkilatları müxtəlif dairələrlə əlbir olaraq bir çox sifarişlərin icraçısıdırlar. Nəinki, Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində törətdikləri teror hadisələrində erməni teroristlərin əli olduğunu sübut olunub. Azərbaycanın öz torpaqlarında erməni işağlına son qoydurması həm də ermənilərin ərazilərimizdə qurduqları teror yuvasını dağıtmış oldu. Cənab Prezident MDB Dövlət Başçıları Şurasının video formatda keçirilən konfransında qeyd edilən məsələlərə aydınlıq gətirdi və erməni işğalının mahiyyət və məqsədlərini auditoriyanın diqqətinə bir daha çatdırdı.
2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Düşmənin güclü müdafiə xətləri qurduğu Qubadlıda döyüş əməliyyatları xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. Əvvəlcə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.
Bu gün Qubadlıda geniş tikinti-quruculuq işləri görülür. Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Artıq şəhərin baş planı hazırlanıb və baş plan ən müasir normalara uyğun olacaqdır. Planda Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixi qürurla qeyd edir.
25 oktyabr 2021-ci il tarixində Qubadlı rayonuna səfər edən möhtərəm cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdilər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşdülər. Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva 19 oktyabr 2022-ci il tarixində Qubadlı rayonuna növbəti səfərləri çərçivəsində “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış oldular, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyması mərasimində iştirak etdilər. Azərbaycan ictimaiyyəti Cənab İlham Əliyevin Qubadlıya 4 may 2023-cü il tarixli səfərini də diqqətlə izlədi. Ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində yaxından iştirak etdi. Dövlət başçımızın Qubadlıya və digər azad olunmuş bölgələrimizə səfərləri hər birimizi ürəkdən qürurlandırır. Azərbaycan xalqı əmindir ki, uğurlarımız davamlı olacaq.
Dörd il ərzində azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə almaqla hazırlanıb. Əgər Sovetlər dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idisə, inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Görülən işlər vətən həsrəti çəkən insanların öz döqma yurdlarına qayıdışlarını daha da sürətləndirəcəkdir.

image-2

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki